05 mart 2026 16:42
123

AEM: Dərmanların təqib sistemi ilə saxta və qeyri-qanuni məhsulların qarşısı alınır

“Dərman vasitələrinin təqib və izləmə sistemi” dərman vasitələrinin istehsaldan son istehlakçıya qədər hərəkətinin rəqəmsal qeydiyyat və unikal identifikasiya mexanizmi vasitəsilə izlənilməsini təmin edən mühüm nəzarət alətidir. Bu sistem təchizat zəncirinin bütün mərhələlərində məlumatların real vaxt rejimində toplanmasına və mərkəzləşdirilmiş informasiya bazasında emal olunmasına imkan yaradır. Hər bir qablaşdırmaya tətbiq edilən unikal identifikasiya kodu məhsulun mənşəyini və hərəkət trayektoriyasını izləməyə şərait yaradır.

Bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova “İki sahil”in suallarını cavablandırarkən bildirib.

O, əlavə edib ki, qeyri-qanuni idxal, saxta məhsullar və paralel satış kimi risklər minimuma endirilir. Apteklərdə hər satış əməliyyatının rəqəmsal qeydiyyatı təkrar satış və uçotdan kənar dövriyyə hallarını texniki olaraq məhdudlaşdırır. Sistem, eyni zamanda, risk əsaslı nəzarət modelinin formalaşmasına da imkan yaradır. Analitik alətlər vasitəsilə satış intensivliyi, partiya hərəkətləri və anbar məlumatları təhlil olunur və yüksək riskli subyektlər prioritet monitorinqə cəlb edilir.

Yaqut Ağaşahqızı, “İki sahil”