04 mart 2026 21:52
123

Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyyəsi planlaşdırılır

Hal-hazırda Qətərdə olan 200 nəfər vətəndaşımızın ölkəmiz tərəfindən xüsusi təyyarə reysi ilə təxliyyəsi istiqamətində iş aparılır. Qeyd edək ki, Qətər hava məkanı bağlı olduğu üçün, vətəndaşlarımızın Səudiyyə Ərəbistanı ərazisindən təxliyyəsi planlaşdırılır.

“İki sahil” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Yaxın Şərq regionunda vətəndaşlarımızın təxliyəsi ilə bağlı yerli mətbuatın sualına cavabında yer alıb.

Onun sözlərinə görə, Xarici İşlər Nazirliyinin paylaşdığı səyahət xəbərdarlığına uyğun olaraq, İran ərazisində olan Azərbaycan vətəndaşlarının İrandan çıxışı üçün yerləşmə bölgəsindən asılı olaraq Azərbaycan və Türkiyə quru sərhəddindən istifadə olunur:

"İndiyə qədər 260 nəfər vətəndaşımız Azərbaycan sərhəddindən keçid edib. Hazırda bölgədə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur".