Vətənimizin qeyrətli, mətin oğulları 44 günlük haqq savaşımızda yağını darmadağın edərək şanlı qələbə qazandılar. Beləliklə 30 il düşmən tapdağında olan əzəli yurd yerimiz-Qarabağ azadlığa qovuşdu, xalqımızın mənliyi, kimliyi bir daha bütün dünyaya bəlli oldu. Bu müqəddəs şərəfli mübarizə yolunda qan töküb qazanılan qələbəmizin mərdlik, qəhrəmanlıq simvoluna çevrilən oğullardan biri də Şuşa fatehi şəhid Kamran Seyfullazadədir. Ömrünün 21-ci ilində canını Vətəninə fəda edən, adını Azərbaycanın yeni, şərəfli tarixinə yazan Kamran Astara şəhərində boya-başa çatıb. Ailədə iki övlad-bir qardaş, bir bacı olublar.
Kamran Seyfullazadə İkinci Qarabağ müharibəsinə könüllü gedib. O ,Xüsusi Təyinatlıların tərkibində Fizuli, Hadrud, Cəbrayıl, Xocavəndin azadlığı uğrunda haqq savaşımızda misilsiz hünər göstərib, Şuşaya qədər yağının kabusuna çevrilib. Son dəfə müharibə meydanına Şuşada noyabrın 4-də girib. Şəhid olan döyüş yoldaşının da silahını götürüb iki silahla erməni dığalarına qan qusdurub. Təəssüf ki, özü də qəfil atılan güllənin qurbanı olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin, Xocavəndin, Şuşanın azadlığına görə medalları ilə təltif olunub.
Ölümsüzlüyə qovuşan qəhrəman Kamranın anası Ruhiyyə xanım hazırda Astara şəhərində yaşayır. El-obada kiçik də, böyük də onun xətrini əziz tutur. Qəhrəman oğul böyütdüyünə görə hamı Ruhiyyə ananın adını qürurla çəkir. İnsanın həyatda ləyaqətlə, şərəflə yaşaması üçün bütün ilahi dəyərlər onun xarakterində cəm olunub. Ruhiyyə ananın doğum günündə rayon rəsmiləri, qohum-qonşu onun halal ailə ocağına toplanmışdı.
Ruhiyyə ananı səmimi qəlbdən təbrik edən ziyarətçilər onu da bildirdilər ki, oğlun Kamran nəinki bu ailənin, bütün Vətən üçün əzizdir. Siz Kamran kimi oğul anası olmaqla bizə şərəfsiniz.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü