“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il 7 oktyabr tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşları Əbdül Ruslam oğlu Musayev və Rüstəm Əhməd oğlu Hüseynovun ekstradisiyası haqqında Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Əbdül Ruslam oğlu Musayevin, Bakı şəhəri Pirallahı Rayon Prokurorluğunda aparılan ibtidai istintaq üzrə isə Rüstəm Əhməd oğlu Hüseynovun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrində göstərilən cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, onların barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarlar qəbul edilərək beynəlxalq axtarış elan olunub.
Hər iki şəxs Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.