25 fevral 2026 14:23
102

Madridin mərkəzində elektromobil şarj habı tikiləcək

Madrid şəhər hakimiyyəti ACCIONA şirkətinə şəhərin M-30 dairəvi yolunun daxilində ən böyük ictimai elektromobil şarj mərkəzinin tikintisi və istismarı üçün 30 illik konsessiya verib. Layihə Paseo de la Kastelyana prospektində - əvvəllər yanacaqdoldurma məntəqəsinin yerləşdiyi 1 281 kvadratmetrlik ərazidə həyata keçiriləcək. Obyektin 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

“İki sahil” xəbər verir ki,  bua brədə "esgnews" məlumat yayıb. 

Yeni kompleksin quraşdırılmış gücü 4 000 kVt (4 MVt) təşkil edəcək. Enerji təchizatı sertifikatlaşdırılmış bərpaolunan mənbələr hesabına təmin olunacaq.

Bundan əlavə, obyektin öz enerji təminatını gücləndirmək məqsədilə günəş panellərinin quraşdırılması planlaşdırılır. İl ərzində 35 min kVt·saatdan çox artıq elektrik enerjisi istehsal ediləcəyi gözlənilir. Enerjinin mənşəyini real vaxt rejimində izləməyə imkan verən sistem də tətbiq olunacaq.

Layihə perspektivli urbanizasiya zonası olan Madrid Nuevo Norte ərazisində reallaşdırılır və paytaxtın dekarbonizasiya, eləcə də hava keyfiyyətinin yaxşılaşdırılması strategiyasının bir hissəsi kimi qiymətləndirilir.