24 fevral 2026 23:58
132

Bir vaxtlar göz yaşlarımızın ünvanına çevrilən Xocalı bü gün yenidən dirçəlir, çiçəklənir…

Xalqımıza qarşı ermənilərin törətdikləri kütləvi cinayətlərin bir həlqəsi olan, tarixdə analoquna çox az rast gəlinən, antibəşəri mahiyyəti, miqyası, qəddarlığı və amansızlığı ilə xüsusi olaraq seçilən Xocalı soyqırımı tarixin utanc səhifələrindən birini təşkil edir. Xocalı faciəsi erməni millətçilərinin son iki yüz ildə azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı və etnik təmizləmə siyasətinin yeni mərhələsini təşkil etmişdir. Bütövlükdə XX əsrin əvvəllərindən etibarən “böyük Ermənistan” xülyasını həyata keçirmək üçün erməni millətçiləri azərbaycanlılar yaşayan on minlərlə kvadrat-kilometrlik ərazini zorla boşaltmış, həmin ərazidən 1,5 milyondan çox azərbaycanlını qovmuşlar. Bu zaman dinc əhaliyə qarşı kütləvi terror aktları və qırğınlar törədilmişdir.

Xocalı şəhərinin yer üzündən silinməsi və əhalisinin kütləvi surətdə qətlə yetirilməsi planı qabaqcadan hazırlanmışdı 1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. O dövrdə Xocalıda Ermənistandan, qonşu Xankəndidən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı, eləcə də 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də məskunlaşmışdı. 1991-ci ilin oktyabrından etibarən Xocalı rayonu tam olaraq erməni qüvvələri tərəfindən mühasirəyə alınmışdı. 30 oktyabr tarixində rayonla yerüstü əlaqə kəsildi. 1992-ci ilin yanvarından etibarən şəhərin elektrik təchizatı dayandı. Xocalını işğal etməklə Ermənistan Dağlıq Qarabağın digər məntəqələrini ələ keçirərək strateji üstünlük və əlverişli imkanlar əldə etmək üçün ən çirkin vasitələrə əl atırdı. Fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərindəki keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etdilər. Həmin gecə Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Azərbaycan xalqı və dövlətimiz Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü elan etdi. Ulu Öndər 1997-ci il fevralın 25-də “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Fərman imzaladı.

Prezident İlham Əliyev Xocalı faciəsini təcavüzkar erməni millətçi-şovinistlərinin yüzillər ərzində Azərbaycan xalqına qarşı apardıqları soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirib. Ölkəmizin başçısı hər il bu dəhşətli faciənin qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklillər qoyur, onların xatirəsini ehtiramla yad edir. Azərbaycanın Birinci-vitse prezidenti Mehriban xanım Əliyeva Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz xidmətlər göstərir.

Cinayətkar erməni millətçilərinin və onların havadarlarının xalqımıza qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamı olan, bütün bəşəriyyətə, insanlığa qarşı törədilmiş Xocalı faciəsi heç zaman yaddaşlardan silinməyəcək. Qəhrəman Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə topraqlarımızı 30 illik işğaldan azad etdi. 2023-cü ildə lokal antiterror tədbirləri ilə Xocalı azadlığına qovuşdu.

Bu gün işğaldan azad edilmiş bütün ərazilərdə olduğu kimi, Xocalı rayonunda da həyat qaynayır. Xocalı bu gün sözün əsl mənasında tikinti meydanını xatırladır. Xocalıda həyat qaynayır, şəhər yenidən dirçəlir məcburi köçkünlər öz torpaqlarına qayıdırlar. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri Böyük Qayıdış Proqramının uğurla davam etməsi, yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi qəlbimizi qürur, fərəh, sevinc hisləri ilə doldurur. Başı müsibətlər çəkən, bir vaxtlar haqqında ağrı-acı ilə danışdığımız, dərdlərimizin ünvanına çevrilən Xocalı bü gün yenidən dirçəlir, çiçəklənir…

Zahid Rza, “İki sahil”