Ukrayna Azərbaycanın beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə və xüsusilə sərhədlərin toxunulmazlığı prinsipinə əsaslanan mövqeyini yüksək qiymətləndirir.
“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Rusiya-Ukrayna müharibəsinin başlamasının dördüncü ildönümü ilə bağlı məqaləsində bildirib.
"Müasir dünyada bunlar abstrakt formullar deyil - bunlar qlobal təhlükəsizliyin təməlidir və öz ərazi bütövlüyünü bərpa etmək uğrunda uzun və çətin yol keçmiş Azərbaycan Respublikası bizi bir çox digər ölkələrdən daha yaxşı anlayır", - o qeyd edib. Qusev əlavə edib ki, Kiyev beynəlxalq tərəfdaşlara siyasi, humanitar, iqtisadi və enerji sahələrində göstərdikləri dəstəyə görə dərin minnətdarlığını bildirir.
"Xüsusi təşəkkür sözlərini Azərbaycan Respublikasına - onun rəhbərliyinə və xalqına ünvanlamaq istəyirəm ki, onlar müharibənin ilk günlərindən Ukraynaya səmimi həmrəylik nümayiş etdiriblər. Azərbaycan ölkəmizin zərər çəkmiş regionlarına humanitar yardım göstərib və göstərməkdə davam edir, Ukraynaya həyati əhəmiyyətli avadanlıqlar, ilk növbədə, enerji sahəsi üçün vasitələr göndərir, sosial infrastrukturun bərpasını dəstəkləyir", - səfir əlavə edib.
O qeyd edib ki, bu günə olan məlumata görə, Azərbaycanın Ukraynaya göstərdiyi yardımın ümumi dəyəri 45 milyon ABŞ dollarını ötür: "Bu yardım yalnız praktiki deyil, həm də dərin simvolik əhəmiyyət daşıyır - o göstərir ki, Ukrayna tək deyil, çətin zamanlarda bizi azadlığın, suverenliyin və ərazi bütövlüyünün dəyərini anlayan dostlar və həqiqi qardaşlar dəstəkləyir".