23 fevral 2026 20:02
164

Yeni təyin olunmuş məktəb direktorları ilə görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinə yeni təyin olunmuş direktorlarla görüş keçirilib.

Təhsil İdarəsindən “İki sahil”ə bildirilib ki, görüşdə BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə məktəblərdə səmərəli idarəetmənin qurulması, təhsilin keyfiyyətinin yüksəldilməsi və sağlam mənəvi-psixoloji mühitin formalaşdırılmasının vacibliyindən danışıb, müvafiq tövsiyələr verib.

İdarənin strukturuna dair təqdimatla çıxış edən Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Zinyət Əmirova ayrı-ayrı struktur bölmələrin səlahiyyət çərçivəsi haqqında məlumat verib, düzgün təşkil olunmuş kommunikasiyanın təhsildə keyfiyyətin təmin olunması və səmərəli məktəb mühitinin formalaşdırılmasındakı rolundan danışıb.

Görüşdə şagird nailiyyətlərinin artırılması, məktəbdaxili idarəetmədə şəffaflığın təmin olunması, müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması, ictimaiyyətlə əlaqələr işinin səmərəliliyinin artırılmasının əhəmiyyəti vurğulanıb. Həmçinin direktorların peşəkar inkişafı, idarəetmədə müasir yanaşmaların tətbiqi məsələləri diqqətə çatdırılıb, məktəblərdə təhlükəsiz və sağlam təhsil mühitinin yaradılması, təhsil müəssisələrinin təsərrüfat və təchizat məsələləri ilə bağlı söhbətlər aparılıb.

Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, təklif və fikirləri dinlənilib.

Qeyd edək ki, paytaxtdakı ümumi təhsil məktəblərinə yeni təyin olunmuş direktorlar üçün müxtəlif istiqamətlər üzrə təlim-seminarların təşkili də nəzərdə tutulur.