18 fevral 2026 20:17
83

Birinci Türkoloji Qurultay: Tük xalqlarının mədəni həyatında mühüm tarixi hadisə

2026-cı ilin fevral ayında Bakı şəhərində Birinci Türkoloji Qurultayın təşkilinin 100 ili tamam olur. Prezident İlham Əliyev 2025-ci il oktyabrın 22-də Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrilmiş, Türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar qəbul edilmiş, latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində saxlanılmışdır.

Sənəddə qeyd edilir ki, Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyalar müasir şəraitdə uğurla gerçəkləşdirilir. Türk dünyasının yenidən vahid ailə şəklində formalaşması istiqamətində diqqətəlayiq nailiyyətlər qazanılmışdır. Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə doğru qətiyyətlə atılan addımlar artıq davamlı xarakter daşımaqdadır. 2025-ci il oktyabrın 6–7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi çağırışının öz əksini tapması bunun daha bir təzahürüdür.

1926-cı il fevralın 26-da Bakıdakı İsmailiyyə Binasında işə başlayan Birinci Türkoloji Qurultayda 131 nəfər nümayəndə (20 nəfər beynəlxalq elm ictimaiətinin nümayəndəsi) iştirak etmiş, 17 iclas keçirilmiş, türklərin, bütövlükdə Türk dünyasının dili və tarixinə, etnogenezisi və etnoqrafiyasına, ədəbiyyat və mədəniyyətinə dair 38 məruzə dinlənilmişdi. Onların arasında bəziləri xüsusilə diqqətçəkicidir. Belə ki,V.V.Bartold “Türk xalqlarının tarixinin müasir vəziyyəti və öyrənilməsinin yaxın vəzifələri”, S.F.Oldenburq “Türk xalqları arasında ölkəşünaslıq işlərinin metodları”, A.A.Müller “Türk xalqlarının təsviri sənəti haqqında”, F.Köprülüzadə “Türk xalqlarının ədəbi dillərinin inkişafı", A.N.Samoyloviç “Türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və yaxın vəzifələri", B.Çobanzadə “Türk ləhcələrinin yaxın qohumluğu haqqında”, H.Zeynallı “Türk dillərində elmi terminologiya sistemi haqqında”, S.Y.Malov “Qədim türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və perspektivləri”, Fərhad Ağazadə “Türk dillərində düzgün yazı”, N.F.Yakovlev “Türk millətlərinin sosial və mədəni şəraitləri ilə bağlı əlifba sisteminin qurulması problemləri”, C.Məmmədzadə “Türk xalqlarının əlifba sistemləri haqqında”, Kemanov “Türk dillərinin tədrisi metodikasının əsasları”, N.N.Poppe “Türk dillərinin altay dillərinin qarşılıqlı qohumluğu məsələsinin tarixi və müasir vəziyyəti”, H.Şərəf “Ərəb və latın sistemli şriftlər və onların türk-tatar xalqları üçün tətbiqi məsələləri”, T.Mensel “Balkan türkləri ədəbiyyatının öyrənilməsinin yekunları və perspektivləri” məruzələri ilə Qurultayın işini daha da zənginləşdirmişdilər.

İclasda SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri Qəzənfər Musabəyovun təbrik nitqi ilə çıxış etməsi də Qurultayın mötəbərliyini təsdiqləyir. Qeyd edək ki, Qurultay məşhur türkoloq Radlovun və İsmayıl bəy Qaspıralının şərəfinə keçirilib. İclasa Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd Ağamalıoğlu sədrlik etmiş, qurultayın Rəyasət Heyətinə aşağıdakı şəxslər seçilmişdilər: Səməd Ağamalıoğlu, Azərbaycandan Ruhulla Axundov, Həbib Cəbiyev, tanınmış şərqşünas-tarixçi alim akademik Bartold, akademik Oldenburq, Avropa alimlərinin nümayəndəsi professor Mensel, RSFSR Xalq Maarif Nazirliyindən Naqovitsin, professor Bəkir Çobanzadə, professor Samoyloviç, Qazaxıstandan Bəytursun, Yakutiyadan Barahov, Şərqşünaslıq Assosiasiyasından Borozdin və Pavloviç, Tatarıstandan Qəlimcan İbrahimov, Başqırdıstandan İdelquzin, Türkiyədən Fuad Köprülüzadə, Dağıstandan Qorqmasov, Özbəkistandan Nahamov, Qara-Qırğızıstandan Tunstanov, Türkmənistandan Berdiyev, Krımdan Akçökraklı, Şimali Qafqazdan Umar Əliyev. Bundan əlavə, Azərbaycan nümayəndə heyəti və digər respublikalar adından Əli bəy Hüseynzadə, Banq, Mustafa Quliyev, akademik Marr, Lunaçarski və Tomsen Qurultayın Rəyasət Heyətinə fəxri üzv seçiliblər.

Qurultay nümayəndələrinin tərkibi isə belə müəyyənləşdirilmişdi:

Təşkilat komitəsi – 15, Azərbaycan – 6, Gürcüstan – 1, Ermənistan – 1, Acarıstan – 1, Türküstan – 4, Naxçıvan – 1, Krım – 3, Tatarıstan – 6, Başqırdıstan – 3, Qazaxıstan – 3, Özbəkistan – 6, Türkmənistan – 4, Qırğızıstan – 2, Oyrat vilayəti – 1, Yakutiya – 3, Kalmık vilayəti – 1, Çuvaş respublikası – 2, Qərbi Çinin Uyğur vilayəti – 1, Abxaziya – 1, Xakas diyarı – 1, Şimali Qafqazdan: Qarçay vilayəti – 2, Balkar – 1, Çeçenistan – 1, İnquşiya – 1, Adıgey-Çərkəz – 1, Şimali Osetiya – 1, Cənubi Osetiya – 1, Şimali Qafqazın Türkmən rayonu – 1, Türküstan – 1, Elmlər Akademiyası – 3, Şərqşünaslıq Assosiasiyası – 3, Leninqrad Şərq Dilləri İnstitutu – 1, Daşkənd Universiteti – 1, Leninqrad Universiteti – 1, Şimali Qafqaz Diyarı İcraiyyə Komitəsi – 2, Şimali Qafqaz Ölkəşünaslıq İnstitutu – 1, Ufa Xalq Maarif Komissarlığı – 1, Rusiya Xalq Maarif Komissarlığının Millətlər Şurası – 4, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin Millətlər Sovetinin Rəyasət heyəti – 1, Güney Azərbaycan – 2, Şimali Qafqaz Elmi Assosiasiyası – 1 nəfər. Fərdi qaydada dəvətlilər isə Azərbaycan – 2, Tatarıstan – 2, Şimali Qafqaz – 2, Moskva – 2, Ukrayna – 1, Leninqrad – 4, Krım – 2, Dağıstan – 2, Qafqazlar – 2, Ermənistan – 1, Özbəkistan – 4, Başqırdıstan – 2 nəfər. Xarici ölkələr: Türkiyə – 3, Almaniya – 2, Avstriya – 1, Macarıstan – 1 nümayəndə ilə təmsil olunurdu.

 Prezident İlham Əliyevin imzaladığı Sərəncamda vurğulandığı kimi, Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyalar müasir şəraitdə uğurla gerçəkləşdirilir. Türk dünyasının yenidən vahid ailə şəklində formalaşması istiqamətində diqqətəlayiq nailiyyətlər qazanılmışdır. Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə doğru qətiyyətlə atılan addımlar artıq davamlı xarakter daşımaqdadır. 2025-ci il oktyabrın 6–7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi çağırışının öz əksini tapması bunun daha bir təzahürüdür.

Zahid Rza, “İki sahil”