18 fevral 2026 19:35
94

Casus şəbəkəsinə yeni rəhbər

Heç kimə sirr deyil ki, Avropa İttifaqının Ermənistandakı “mülki monitorinq missiya”sı Cənubi Qafqaza gərginliyi artırmaq, qarşıdurma yaratmaq və regionu qaynar qazana çevirmək məqsədilə yerləşdirilib

Xəbər verdildiyi kimi, Avropa İttifaqı (Aİ) Şurası fevralın 17-də Satu Koyvunu Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının (European Union Mission in Armenia, EUMA) yeni rəhbəri təyin edib. O, 2023-cü ilin 20 fevralından bu postda fəaliyyət göstərən Markus Ritteri əvəzləyəcək Koyvu öz vəzifəsinin icrasına fevralın 20-də başlayacaq. Aİ-nin missiyası öz fəaliyyətinə 20 fevral 2023-cü ildə başlayıb. 2025-ci ilin 30 yanvarında isə qurum Ermənistandakı missiyanın mandatını iki il müddətinə - 19 fevral 2027-ci ilə qədər uzadıb. Bu da Azərbaycanın haqlı narazılığına səbəb olub. Bundan əlavə, Kanada Aİ üzvü olmadığı halda, bu ölkənin nümayəndələri də müşahidə missiyasına qoşulub. Beləliklə, rəsmi Brüssel missiyanın mahiyyətinin Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müşahidə aparmaq, hesabat hazırlamaq və Aİ-nin Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə səylərinə öz töhfəsini vermək olduğunu elan etsə də, missiyadan faktiki olaraq Azərbaycan əleyhinə geniş şəkildə sui-istifadə olunur. Bu qurumun Azərbaycana, qonşu İran və Rusiyaya qarşı casus və kəşfiyyat şəbəkəsi kimi fəaliyyət göstərməsi ehtimalı yüksəkdir. Missiyanın tərkibinə mülki şəxs qismində NATO-nun və ayrı-ayrı Avropa ölkələrinin keçmiş hərbçilərinin, xüsusi xidmət orqanlarının əməkdaşlarının yerləşdirilməsi bu ehtimalı qüvvətləndirir.

Azərbaycan hesab edir ki, bu missiya əslində casus şəbəkəsidir və onun bölgədə mövcudluğu gərginliyi artıra bilər. Ermənistandakı missiyanın rəhbərini yeniləyən Aİ-nin son qərarı ondan xəbər verir ki, təşkilat casus şəbəkəsini bölgədən çıxarmaq fikrində deyil. Missiyanın mövcudluğu Ermənistan üçün bir növ psixoloji təhlükəsizlik çətiri rolunu oynayır və İrəvanı təhdidlərdən qoruyur. Ermənistanın baş naziri Nikol Paşinyan 2025-ci ilin noyabrında bildirmişdi ki, ən azından sülh sazişi imzalanana və Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlər qurulana qədər Aİ-nin monitorinq qrupunun fəaliyyətində əsaslı dəyişiklik gözlənilmir: "Müqavilə imzalandıqdan və ratifikasiya edildikdən sonra onun fəaliyyət formatında müəyyən dəyişikliklər, şübhəsiz ki, mümkündür və baş verəcək". Paşinyanın yanaşmasından da aydın olur ki, rəsmi İrəvan Aİ missiyasının birdəfəlik bölgəni tərk etməsini arzulamır.

"Mülki" donu geyindirilmiş Aİ-nin Ermənistandakı missiyasının məqsədi informasiya toplamaq və Ermənistanı Qərbin orbitində saxlamaqdır. Eyni zamanda Azərbaycan və Türkiyənin regionda artan təsirini diqqətlə izləmək, prosesə nəzarət etməkdir. O baxımdan Bakının missiyaya münasibəti təkcə diplomatik narazılıq deyil, həm də regiondakı suverenlik və təhlükəsizlik maraqlarının qorunmasına yönəlmiş strateji mövqedir. Azərbaycan tərəfi açıq şəkildə Ermənistandakı Aİ-yə məxsus missiyanın "kəşfiyyat qrupu" olmasını, "binokl diplomatiyası" ilə məşğul olduğunu dəfələrlə vurğulayıb. "Binokl diplomatiyası" ifadəsi missiyanın fəaliyyət üsuluna ironik və tənqidi yanaşma kimi gündəmə gəlib. Missiya üzvləri tez-tez müxtəlif Avropa rəsmilərini və diplomatik nümayəndə heyətlərini sərhəd bölgəsinə gətirərək onlara durbinlərlə Azərbaycan tərəfini izlətdiriblər. Ermənistan mediası isə bunu "təhlükəsizlik monitorinqi" kimi ictimaiyyətə sırıyır. Həmçinin missiyanın sayı və əhatə dairəsi Azərbaycanla məsləhətləşmədən artırılıb.

Azərbaycan missiyanın fəaliyyətinə son qoyulmasını tələb edərkən üç əsas arqumenti rəhbər tutur. Bakı və İrəvan arasında sülh prosesi yekun mərhələdədir və ikitərəfli təmaslar, müzakirələr, razılaşmalar intensivləşib. Tərəflər sərhədlərin delimitasiyası üzrə birbaşa, vasitəçisiz danışıqlarda uğur qazanıblar. Son aylarda iqtisadi əməkdaşlığa da start verilib. Bunlar sübut edir ki, prosesdə kənar vasitəçilərə, nəzarət funksiyasını icra edənlərə ehtiyac yoxdur. Ən əsası isə 2025-ci ilin avqust ayında Vaşinqtonda paraflanmış sülh sazişi layihəsində tərəflərin sərhəddə üçüncü tərəfin hərbi və ya monitorinq qüvvələrini yerləşdirməməsi barədə konkret bəndlər yer alıb. Aİ missiyasının Ermənistandakı mövcudluğu isə bu prinsipi pozur. Əgər Aİ regionda həqiqi sülh tərəfdarıdırsa, o zaman transformasiya bəhanələri axtarmaq əvəzinə, tərəflərin birbaşa razılığına hörmət etməli və öz missiyasını tamamilə yekunlaşdırmalıdır. Cənubi Qafqazın gələcəyi kənar müşahidəçilərin durbinləri ilə deyil, region dövlətlərinin imzaladığı sənədlər və qarşılıqlı etimad əsasında formalaşmalıdır.

Sevinc Azadi, “İki sahil”