16 fevral 2026 21:14
99

Prokuror “Crocus City Hall”dakı terror aktı üzrə təqsirləndirilən şəxslər üçün ömürlük həbs cəzası istəyib

Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert zalında törədilmiş terror aktı üzrə 15 təqsirləndirilən şəxs, o cümlədən cinayətin dörd birbaşa icraçısı üçün dövlət ittihamçısı ömürlük azadlıqdan məhrumetmə cəzası istəyib.

“İki sahil” Rusiya Baş Prokurorluğunun yaydığı məlumata istinadən xəbər verir ki, iş üzrə digər təqsirləndirilən şəxslər üçün prokuror 19 ildən 22 ilədək azadlıqdan məhrumetmə cəzası, həmçinin 500 min rubldan 2 milyon 700 min rubladək məbləğdə cərimələrin təyin edilməsini təklif edib.

Təqsirləndirilən şəxslərə terror aktı törətmək, terror fəaliyyətinə yardım göstərmək, terror fəaliyyətinin həyata keçirilməsi məqsədilə təlim keçmək və digər cinayətlər üzrə ittihamlar irəli sürülüb.

Xatırladaq ki, 2024-cü il martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində “Piknik” rok qrupunun konserti başlamazdan əvvəl silahlı şəxslər “Crocus City Hall” binasına daxil olaraq ziyarətçilərə və işçi heyətinə atəş açıblar. Bundan sonra kompleksdə yanğın baş verib. Rusiya Baş Prokurorluğunun məlumatına görə, terror aktı nəticəsində 147 nəfər həlak olub, 336 nəfər xəsarət alıb, daha 3 nəfər isə itkin düşmüş hesab olunur.