Ukrayna və ABŞ "Patriot" zenit raket kompleksi üçün raketlərin alınması məqsədilə dondurulmuş Rusiya aktivlərindən istifadə imkanını müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ senatorları Riçard Blumental və Şeldon Uaythausla görüşün yekunlarına dair sosial şəbəkələrdə bildirib.
Onun sözlərinə görə, Kiyev Moskvaya təsir etmək üçün təzyiqdən başqa digər yollar görmür. O qeyd edib ki, Senatda sanksiyalar haqqında mühüm qanun layihəsinə baxılır və Ukrayna onun səmərəliliyinə ümid edir. Həmçinin Zelenski senatorları Rusiyanın Ukraynanın mülki obyektlərinə və xüsusilə ABŞ biznesinə endirdiyi daimi zərbələr barədə məlumatlandırıb.
"Rusiya pullarının onların öz terrorundan müdafiə üçün işləməsi tamamilə ədalətlidir və biz "Patriot" kompleksi üçün raketlərin alınması məqsədilə Rusiyanın dondurulmuş aktivlərindən istifadə imkanlarını müzakirə etdik", - o əlavə edib.