16 fevral 2026 15:33
146

Rəqəmsal transformasiya və dayanıqlı inkişaf perspektivləri

Müasir dövrdə dünyada baş verən sürətli texnoloji dəyişikliklər dövlətlərin inkişaf modelini köklü şəkildə yenidən formalaşdırır. Rəqəmsal texnologiyaların sürətli inkişafı, süni intellektin gündəlik iqtisadi və ictimai proseslərə inteqrasiyası, böyük verilənlərin idarə olunması imkanlarının genişlənməsi artıq yeni reallıq yaradıb. Ənənəvi iqtisadi dayaqlar – təbii resurslar, sənaye istehsalı və klassik xidmət sahələri əvvəlki kimi həlledici üstünlük təmin etmir. İnformasiya texnologiyaları, innovasiya potensialı və rəqəmsal həllər qlobal rəqabətin əsas istiqamətinə çevrilib. Bu kontekstdə Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə irəli sürülən rəqəmsal inkişaf strategiyası ölkəmizin gələcək onilliklər üçün prioritetlərini müəyyənləşdirən mühüm siyasi xətt kimi dəyərləndirilir. Bu strategiya ölkənin uzunmüddətli inkişaf konsepsiyasının ayrılmaz tərkib hissəsinə çevrilərək iqtisadiyyatın modernləşdirilməsini və idarəetmənin yenilənməsini hədəfləyir.

Rəqəmsallaşma yalnız texniki yenilik deyil, bütövlükdə idarəetmə fəlsəfəsinin dəyişməsi deməkdir. Dövlət xidmətlərinin elektron mühitə keçirilməsi, məlumatların vahid sistem üzərindən idarə olunması, süni intellekt əsaslı analitik mexanizmlərin qərarvermə prosesinə inteqrasiyası idarəetmədə çevikliyi və şəffaflığı artırır. Elektron hökumət platformalarının inkişafı və xidmətlərin rəqəmsallaşdırılması vətəndaşların dövlət qurumlarına çıxışını asanlaşdırır, vaxt itkisini azaldır və insan faktorundan qaynaqlanan subyektiv halların qarşısını alır. Bu proses vətəndaş–dövlət münasibətlərini daha operativ və səmərəli edir, ictimai etimadı daha da gücləndirir.

İqtisadi baxımdan rəqəmsal transformasiya qeyri-neft sektorunun inkişafına güclü təkan verir və iqtisadiyyatın şaxələndirilməsi prosesini sürətləndirir. Startap ekosisteminin genişlənməsi, innovativ sahibkarlığın təşviqi, texnologiya əsaslı biznes modellərinin formalaşması və rəqəmsal platformalar üzərindən xidmət ixracı yeni iş yerlərinin yaranmasına səbəb olur. Elektron ticarətin inkişafı, maliyyə texnologiyalarının tətbiqi və rəqəmsal ödəniş sistemlərinin genişlənməsi biznes mühitini daha dinamik edir. Xüsusilə gənclərin informasiya texnologiyaları sahəsinə marağının artması ölkənin insan kapitalının güclənməsinə, yüksək ixtisaslı mütəxəssislərin formalaşmasına xidmət edir. Rəqəmsal iqtisadiyyatın payının artması ümumi daxili məhsulun strukturunda balansın təmin olunmasına, innovasiya əsaslı artım modelinin formalaşmasına imkan yaradır.

Azərbaycanın coğrafi mövqeyi də rəqəmsal potensial baxımından mühüm üstünlüklər yaradır. Asiya ilə Avropa arasında yerləşmə yalnız fiziki tranzit imkanları ilə məhdudlaşmır, bu mövqe, eyni zamanda məlumat axınının ötürülməsi üçün alternativ rəqəmsal marşrutların formalaşdırılmasına şərait yaradır. Regional nəqliyyat və enerji layihələri çərçivəsində yaradılmış geniş infrastruktur bazası rəqəmsal kommunikasiya şəbəkələrinin inkişafı üçün möhkəm təməl rolunu oynayır. Fiber-optik xətlərin genişləndirilməsi, beynəlxalq məlumat ötürmə kanallarının şaxələndirilməsi ölkənin regional rəqəmsal mərkəzə çevrilməsi perspektivini gücləndirir və informasiya təhlükəsizliyi baxımından əlavə üstünlüklər yaradır.

Rəqəmsal inkişafın əsas dayaqlarından biri isə güclü və dayanıqlı enerji təminatıdır. Yüksək hesablama gücü tələb edən texnologiyalar, data mərkəzləri və bulud xidmətləri fasiləsiz enerji resurslarına əsaslanır. Son illərdə enerji sektorunda həyata keçirilən modernləşmə layihələri, generasiya gücünün artırılması və bərpaolunan enerji mənbələrinin inkişafı rəqəmsal infrastrukturun etibarlı təminatına zəmin yaradır. Günəş və külək enerjisi layihələrinin genişləndirilməsi, yaşıl enerji strategiyasının həyata keçirilməsi həm ekoloji tarazlığı qoruyur, həm də texnoloji inkişafı dəstəkləyir. Bu yanaşma uzunmüddətli perspektivdə dayanıqlı və ekoloji cəhətdən məsuliyyətli inkişaf modelini formalaşdırır. Dövlətimizin başçısı müşavirədəki çıxışında qeyd edib ki, yerləşdiyimiz bölgədə, geniş bölgədə bu imkanlara malik olan ölkələr ən azı çox deyil və bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir, hətta onları dünya bazarlarına da çıxarır: “Nəzərə alsaq ki, bizim bərpaolunan enerji növlərinin yaradılması istiqamətində planlarımız göz önündədir, - bu barədə dəfələrlə danışılıb, - gələcəkdə bizim generasiya gücümüz imzalanmış kontraktlar əsasında daha da artacaq. Ona görə biz bu üstünlükdən səmərəli şəkildə istifadə etməliyik. Təbii ki, ölkə daxilində elektrik enerjisinə artan tələbat nəzərə alınmalıdır. Xüsusilə bizim sənaye inkişafı ilə bağlı böyük planlarımız var”.

Beynəlxalq əməkdaşlıq da rəqəmsal transformasiyanın sürətini artıran əsas amillərdəndir. Qlobal texnologiya şirkətləri, maliyyə institutları və innovasiya mərkəzləri ilə qurulan tərəfdaşlıq yeni investisiyaların cəlbinə, qabaqcıl təcrübənin ölkəyə gətirilməsinə və texnologiya transferinə imkan verir. Azərbaycanın formalaşdırdığı sabit və etibarlı biznes mühiti xarici tərəfdaşların marağını artırır və rəqəmsal layihələrin icrasında qarşılıqlı faydalı əməkdaşlıq üçün zəmin yaradır. Bu əməkdaşlıq modeli ölkənin qlobal rəqəmsal proseslərdə daha fəal iştirakını təmin edir.

Rəqəmsal transformasiya insan kapitalının inkişafı ilə birbaşa bağlıdır. Ali və orta təhsil sistemində informasiya texnologiyalarının geniş tədrisi, süni intellekt, proqramlaşdırma və kibertəhlükəsizlik sahəsində ixtisaslaşmanın artırılması uzunmüddətli nəticələr vəd edir. Məktəb səviyyəsindən etibarən rəqəmsal savadlılığın formalaşdırılması gələcək nəsillərin texnoloji mühitə uyğunlaşmasını asanlaşdırır. Universitet–sənaye əməkdaşlığının gücləndirilməsi, innovasiya laboratoriyalarının yaradılması və startap təşəbbüslərinin dəstəklənməsi bilik əsaslı iqtisadiyyatın formalaşmasına xidmət edir.

Kibertəhlükəsizlik məsələsi isə rəqəmsal transformasiyanın ayrılmaz tərkib hissəsidir. Rəqəmsal mühit genişləndikcə informasiya təhlükəsizliyinin qorunması strateji əhəmiyyət daşıyır. Dövlət strukturlarında və özəl sektorda müasir təhlükəsizlik sistemlərinin tətbiqi, milli kibertəhlükəsizlik strategiyasının təkmilləşdirilməsi və peşəkar kadr hazırlığının gücləndirilməsi bu sahədə dayanıqlılığı təmin edir. Qabaqlayıcı monitorinq mexanizmlərinin qurulması və beynəlxalq təcrübənin öyrənilməsi rəqəmsal infrastrukturun müdafiəsini daha effektiv edir.

Bütün bu istiqamətlər göstərir ki, rəqəmsal transformasiya Azərbaycan üçün alternativ deyil, zəruri və strateji inkişaf mərhələsidir. Texnologiyaya əsaslanan iqtisadi model, innovativ idarəetmə yanaşması, güclü enerji təminatı və inkişaf etmiş insan kapitalı ölkənin gələcək inkişaf trayektoriyasını müəyyən edəcək əsas faktorlar kimi çıxış edir. Bu strategiyanın ardıcıl və sistemli icrası Azərbaycanın qlobal rəqəmsal proseslərdə rəqabət qabiliyyətini artıracaq, onu regionda innovasiya və texnoloji inkişaf mərkəzlərindən birinə çevirəcək.

Asif Əsgərov,
​Milli Məclisin deputatı