16 fevral 2026 18:49
89

Şeytanla işbirliyində olanlar kimlərdir? - ŞƏRH

Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən Vətənə xəyanətdə iştirakları olan şəxslərin kimliyi ilə tanış olanda insanı təəccüb bürüyür. Onların bir çoxu otuz-qırx il yüksək vəzifələrdə işləmiş adamlardır. Təbii ki, zehinləri pas tutmuş ali təhsilli nadanlar vəzifələrindən gen-bol istifadə edərək xalqdan oğurladıqları pulların hesabına cənnət həyatı yaşamış, hələ nəvə, nəticə və kötükcələrinin də firavanlığı üçün haram milyonlar yığmışlar.

Görəsən dövlətdə ikinci-üçüncü şəxs sayılan, saysız-hesabsız sərvət toplayan və yaşı doxsanı haqlayan Ramiz Mehdiyev daha nəyə nail olmaq istəyirdi? Vaxtilə Ulu Öndərimiz Heydər Əliyevin etimad göstərərək gətirib vəzifə verdiyi Ənvəroviç başına dəstə yığıb Onun layiqli varisinə-dövlət başçısına xəyanət etdiyinə görə utanmadımı? Boynundan ən yüksək dövlət mükafatı-Heydər Əliyev ordeni asılanda xəyanətindən xəcalət çəkdimi? Əlbəttə, yox. Üzü bozarmış “boz kardinal” xalqımızın ənənələrinə həmişə həqarətlə yanasıb. Bir faktı vurğulamaq lazımdır ki, o, Azərbaycan dilində danışmağı belə özünə sığışdırmırdı. Siz onun fotoşəkillərinə baxın. Sanki hamını düşmən kimi görən şübhə dolu gözlərini, buz kimi soyuq, eqoist, qaradinməz, zəhrimar tökülən, qansız, kinli sifətini görcəksiniz.

Baş nazirin sabiq birinci müavini, bir ayağı Bakıda, o biri Moskvada olan Abbas Abbasov da onun kimi. O, Azərbaycanda haram yollarla əldə etdiklərinin hesabına Moskvada harın həyat yaşayaraq öz ölkəsinə düşmən kəsilənlərə qoşulub.

Azərbaycanda siyasi proseslərə nüfuz etmək istəyən keçmiş "Milyarderlər İttifaqı"nın başçısı olub. 2007-ci ildən Rusiya paytaxtında maliyyə, sığorta və pensiya xidmətləri göstərən "İşgüzar əməkdaşlıq" fondunun rəhbəridir. 2021-ci il iyulun 9-dan isə 10 faizlik payla Moskvada "Timoxino fermer təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərindən biridr. Təsərrüfatın hüquqi ünvanı Moskva vilayətinin Yeqorovsk şəhəri, Tİmoxino kəndi göstərilir. Təyinatına görə, fermer təsərrüfatı dovşan əti istehsalı ilə məşğuldur. 

Bu adamların məqsədi o olub ki, çevriliş edəndən sonra onlara nisbətən cavan olan Əli Kərimlini dövlət başına gətirsinlər. AXCP sədri və çevrilişə cəhdin digər iştirakçıları “yuxarı”nın qarşısında öhdəlik götürüblər ki, çevrilişdən sonra Azərbaycanı KTMT-yə üzv etdirəcək, onun müstəqilliyinin taleyini ağalarının ixtiyarına verəcəklər. Əlbəttə, on-on beş nəfərlə şevriliş etməyi mümkün olmadığını yaxşı bilən mehdiyevçilər hələlik sayı bilinməyən adamlar cəlb ediblər. Onların bir sənədində 50 nəfərlik “dövlət şurası”nın təşkil edildiyi deyilir. Ancaq çevriliş üçün bu da yetərli olmadığından fikir var ki, “daş altında yatan” bir çox şəxslər də var.

Bu günlərdə DTX-nın yaydığı məlumatda bəzilərinin adları açıqlanıb. Sən demə, bunlar xərçəng xəstəliyi kimi artıblar. Onlar kimlərdir? Rüstəm İbrahimbəyov, Qənimət Zahidov, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və s. Yəqin ki, qalanların adları ona görə hələ açıqlanmır ki, ölkədən qaçmağa cəhd etməsinlər. Yəni, hər kəs öz zamanını gözləməkdədir. Bunların hamısı uzun illər Ramiz Mehdiyevin “şayka”sında gizli “fəaliyyət” göstəriblər. Görəcəkləri işlər əvvəlcədən planlaşdırılıb və hər kəs üzərinə qoyulan vəzifəni yerinə yetirməli olub. Məsələn, Əli Kərimli ölkə daxilində qarışıqlıq salmalı, əhalini itaətsizliyə, mövcud hakimiyyətə qarşı qaldırmalı imiş. Onların sırasına xaricdəki söyüş müxalifətini əlavə etməliyik. Belə çıxır ki, bunlar Azərbaycan hakimiyyətinə qarşı geniş hücum taktikası yeridirmişlər. Abbas Abbasov və Ramiz Mehdiyev paytaxtın mərkəzində dövlət əleyhinə keçirilən aksiyaları və xaricdəki başıpozuqlar təbliğatçıları maliyyələşdirmək məsələsini həll ediblər.

İllərlə xarici ölkədə oturub Azərbaycan iqtidarını gözdən salmağa cəhd edən Qənimət Zahid bu günlərdə işlədiyi telekanalda bildirib ki, guya Rusiyanın rəhbər şəxslərindən biri ilə telefon əlaqəsi yaratmağa nail olub. Qənimət efirdə ona Azərbaycan hakimiyyətini devirməyi təklif etdiyini deyib. Yəni, bu, o deməkdir ki, ölkəmizin əleyhinə işləyən Zahidov Azərbaycan üzrə mətbuat agenti vəzifəsini yerinə yetirir.

O, xaricdə oturub ölkə daxilindən elə danışırdı ki, sanki Prezident Adminstrasiyasında imiş. Sonra özü gülə-gülə etiraf edir ki, məlumatları elə oradan verirlər. İndi anlaşılır ki, sənədləri göndərənlər yüksək vəzifələrdə işləyənlər olub. Təbii ki, “boz kardinal”ın tapşırığı ilə.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı istintaqa verdiyi ifadədə etiraf edir ki, Əli Kərimliyə partiya üzvlərinin yürüşə qatılması, kütlənin diqqətini hakimiyyətə qarşı yönəltmək və parlamentin, eləcə də Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin inzibati binalarını ələ keçirmək tapşırığı verilib. Prosesə “ağsaqqal” Ramiz Mehdiyev xeyir-dua verib. Yaxşı xatırlayırıq ki, həmin günlərdə insanların vətənpərvərlik şüarları ilə keçirilən yürüşündə dağıdıcı müxaliflər kütlənin içərisinə sızaraq istiqamətini dəyişə bilib. Onda qəfil təxribat xarakterli hallar baş verdi. Hətta aldanıb onlara qoşulan bir qrup şəxs parlamentin binasına daxil olaraq ali qanunverici orqanı ələ keçirməyə çalışıb. Arada dolaşan məlumatlara görə Əli Kərimli və komandası buna görə külli miqdarda pul alıblar. Onlar həmişə pul düşkünü olduqları üçün lap şeytanla da işbirliyinə gediblər. Göstərdiyimiz kimi, Mehdiyevin “şayka”nın əhatə dairəsi Azərbaycan sərhədlərini keçir.

Rusdilli bir qadınla Ramiz Ənvəroviçin telefon danışıqlarından məlum olur ki, bakılı rezident o qadına hesabat verir və ondan xahiş edir ki, sənədləri lazımi yerə göndərsin, ondan da tapşırıqlar alır. Sonra başqa birisi ilə də rus dilində danışır. Onlara internetlə sənədlər göndərdiyini, onu götürüb lazımi yerə çatdırmağı xahiş edir. Artıq duman seyrəldikcə bir çox hadisələrin və proseslərin izahı tapılır. Məsələn, necə olur ki, boş-boş danışmaqdan savayı əlindən bir iş gəlməyən Əli Kərimli mitinqlər, küçə yürüşləri və piketlər keçirir? Artıq üzə çıxır ki, mitinq iştirakçılarının sayını süni surətdə çoxaltmaq üçün Ramiz Ənvəroviç özünə sadiq vəzifəli şəxslərdən rüşvət alıb yığdığı milyonlardan “muzdlu etirazçılar” toplamaq üçün AXCP sədrinə müəyyən miqdarda pul verirmiş. Nankorluğa baxırsınızmı? Prezident Administrasiyasında oturub hakimiyyəti devirmək planları cızır, onları həyata keçirmək üçün ölkə xaricindən təlimat alırmış. “Boz kardinal” telefon danışıqlarında konspirasiyaya dəqiq əməl edərək ad çəkməmiş, artıq ifadər işlətməmişdir.

Yüksək mənsəbindən sui-istifadə edən Ənvəroviç seçkili-seçkisiz orqanlara yerləşdirdiyi şəxslərdən külli miqdarda rüşvət alıb. Onun yaramaz əməllərindən-külli miqdarda pul alaraq özünə sadiq komanda düzəltməyindən xəbəri olmayan yox idi. Aydın məsələdir ki, illərlə toplanmış sərvətin heç də hamısı nağd valyutalar şəklində, daş-qaş, zinət əşyaları halında saxlanmır. Buraya işləyən və hər gün gəlir gətirən ticarət, iaşə, xidmət, istehsal müəssisələri, daşınmaz əmlaklar-paytaxtda, ölkənin səfalı guşələrində, Qəbələdə, Şabranda, Xaçmazda, Goranboyda tikilmiş, bağışlanmış villalar, restoranlar, istirahət mərkəzləri, bahalı lüks avtomobillərdən ibarət qarajlar və s. daxildir. Ailə üzvlərinin və yaxınlarının adına paytaxtda və rayonlarda mülklərinin və yüz hektarlarla torpaq sahələrinin olduğu deyilir ki, bu da yüz milyonlarla pul deməkdir. Bakıda yüzlərlə mənzilə sahiblik edən Mehdiyev istədiyi şəxslərə üç-dörd otaqlı mənzillər bağışlayırmış. Nümunə üçün deyək ki, onlardan biri də hakimiyyətdən narazı Gültəkin Hacıbəylidir. Həmin mənzillər paytaxtın mərkəzində, prestijli yerlərdədir. Beləliklə, onların hamısının real bazar qiymətini cəmləsələr, evdən çıxan 17 milyonun min qatını edər. 17 milyon isə olsa-olsa Ənvəroviçin ya “kəfən pulu”, ya da ona xidmət edən dağıdıcı müxalifət rəhbərlərinə verəcəyi “nökər pulu” ola bilər.

DTX-nın açıqladığı faktlar Azərbaycanın müstəqil siyasi iradəsinə qarşı yönəlmiş, onilliklər boyu incəliklə hörülmüş toru gün işığına çıxarmış oldu. Bu, bir daha təsdiqlədi ki, Azərbaycan dövləti öz daxilindəki heç bir xəyanət yuvasına aman verməyəcək qədər güclüdür və müstəqilliyimizə, suverenliyimizə uzanan hər bir əl, kimliyindən və keçmiş vəzifəsindən asılı olmayaraq qanunun sərt üzü ilə qarşılaşacaqdır. Saxta filosof bilməli idi ki, min beş yüz illik dövlətçilik tariximizdə xalqımız ona xəyanət edən minlərlə Ramiz kimi ünsürləri süpürüb atmışdır.

Vəli İlyasov, “İki sahil”