Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakı və ardınca Serbiya səfəri hazırkı geosiyasi şəraitdə təhlükəsizlik gündəliyi, enerji diplomatiyası, regional balans və çoxşaxəli tərəfdaşlıq istiqamətlərində xüsusi əhəmiyyət daşıyır. Münhen platforması Qərb, Avropa və transatlantik təhlükəsizlik elitasının əsas dialoq meydanlarından biridir. Burada iştirak ölkəmizin regiondakı rolunu və maraqlarını birbaşa izah etmək imkanı yaradır. Post-münaqişə dövründə Ermənistan ilə normallaşma prosesi, sərhəd sabitliyi və kommunikasiya xətlərinin açılması kimi mövzular üzrə mövqenin beynəlxalq auditoriyaya çatdırılmasına xidmət edir. Enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri barədə Avropa paytaxtları ilə siyasi koordinasiyanı gücləndirir. Bunların fonunda Bakı özünü regionda sabitlik və tranzit qovşağı kimi təqdim edir və qərarverici dairələrlə birbaşa kanallar qurur.
ENERJİ,TƏHLÜKƏSİZLİK VƏ REGİONAL BALANS
Azərbaycan artıq “qoca qitə”nin mavi yanacaq bazarında strateji tərəfdaşa çevrilib. Statistik göstəricilər Azərbaycanın qaz ixracının əsasən Türkiyə və Avropa İttifaqı ölkələri üzrə cəmləşdiyini, ölkənin regional və qlobal enerji bazarlarında strateji rolunun getdikcə artdığını nümayiş etdirir. Ötən il ölkəmizdə 50,3 milyard kubmetr təbii qaz hasil edilib. 2023-cü il ilə müqayisədə hasilat 2 milyard kubmetr artıqdır ki, bu da ölkəmiz üçün daha çox ixrac imkanları deməkdir. Hazırda Azərbaycan Avropanın 12 ölkəsinə mavi qaz nəql edir. Göründüyü kimi, Azərbaycanın daha çox həcmdə qaz ixrac etmək potensialı var. Lakin məsələnin mahiyyəti ondan ibarətdir ki, daha çox qaz ixracı üçün infrastrukturu daha da genişləndirmək lazımdır. Əgər Avropa Cənub Qaz Dəhlizinin genişləndiriləməsinə, interkonektorların sayının artırılmasına sərmayə yatıracaqsa, onda Azərbaycan qazının idxalını da artıracaq ki, bu da onun enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq.
TRANSATLANTİK MÜZAKİRƏLƏRDƏN BALKAN TƏRƏFDAŞLIĞINA
Bəli, Avropada enerji təhlükəsizliyi hələ də prioritetdir. Münhendəki görüşlər də məhz Cənub Qaz Dəhlizi və ümumiyyətlə Xəzərin enerji ehtiyatlarını Avropaya çatdırılması mövzusunda siyasi dəstəyin möhkəmlənməsinə yönəlir. Avropa İttifaqı ilə uzunmüddətli təchizat və yaşıl enerji əməkdaşlığı üzrə dialoqu genişləndirir və Azərbaycan Avropanın enerji şaxələndirməsində strateji tərəfdaş kimi mövqeyini gücləndirir.
BAKI BALKAN İSTİQAMƏTİNDƏ DAYANIQLI SİYASİ-İQTİSADİ DAYAQLAR QURUR
Belqradda Azərbaycan ilə Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası münasibətlərin dostluq səviyyəsindən institusional strateji ittifaq mərhələsinə keçdiyini göstərən siyasi mesajdır. Bu format adətən tərəfdaşlığın davamlı, planlı və çoxsahəli idarə olunması üçün yaradılır. Serbiya ilə münasibətlər son illər siyasi, iqtisadi və müdafiə sahələrində fəallaşıb. Balkanlarda artıq koordinasiya vasitəsilə qarşılıqlı dəstək möhkəmləndirilir. Enerji və infrastruktur layihələri, qarşılıqlı investisiyalar və sənaye kooperasiyası üçün yeni razılaşmaların təşviq edilir. Balanslı xarici siyasət xəttinin praktik təzahürü həm Avropa strukturları, həm də müxtəlif regional mərkəzlərlə paralel işləməkdir. Bir sözlə Bakı artıq müxtəlif güc mərkəzləri arasında manevr imkanlarını saxlayır, iqtisadi və təhlükəsizlik maraqlarını paralel kanallarla irəli aparır.
Röya Bənənyarlı