16 fevral 2026 12:21
115

İRİA: Rəqəmsallaşma dövründə praktiki bacarıqların artırılması xüsusi əhəmiyyət daşıyır

Rəqəmsallaşma dövründə nəzəri biliklərlə yanaşı praktiki bacarıqların artırılması xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi dövlət qurumları ilə birgə yeni təlim proqramı həyata keçirir. Təlim çərçivəsində tələbələr real və simulyasiya layihələrində iştirak etməklə əmək bazarına daha hazırlıqlı müraciət edəcək, həm ölkə daxilində, həm də xarici şirkətlərdə iş imkanları əldə etmək şansı qazanacaqlar.

“İki sahil” xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov bildirib.

Onun sözlərinə görə, universitetlərin yaratdığı şərait tələbələrin layihəyə fəal cəlb edilməsində mühüm rol oynayır.

“Proqram üzrə dövlət qurumları və tərəfdaş təşkilatların iştirakı ilə xüsusi kurikulum hazırlanıb. Təlim dörd əsas istiqaməti - proqramlaşdırma, kibertəhlükəsizlik, süni intellekt və data sahəsi, həmçinin “DevOps” və infrastruktur sahələrini əhatə edir və bir neçə ay davam edəcək. “Bootcamp” formatında keçiriləcək proqram çərçivəsində sürətləndirilmiş təhsil modeli ilə yanaşı “hakatonlar”, bilik yarışları, yumşaq bacarıqların inkişafı və komandada işləmək vərdişlərinin formalaşdırılması nəzərdə tutulur. “IT SkillSprint” beynəlxalq təhsil proqramı intensiv təlim və inkişaf proqramına dair nümunədir. Məlum olduğu kimi, yeni rəqəmsal inkişaf arxitekturasında ən vacib elementlərdən biri güclü insan kapitalıdır. Rəqəmsallaşma yalnız texnoloji infrastrukturun qurulması və ya tətbiqlərin hazırlanması deyil. Əsas məsələ həmin texnologiyaları yaradan, inkişaf etdirən və davamlı şəkildə idarə edən bilikli, bacarıqlı və yüksəkixtisaslı insan resurslarının formalaşdırılmasıdır. Bu gün insan kapitalı strateji inkişafın fundamental dayağıdır”, - deyə qurum rəhbəri bildirib.

F.Osmanov vurğulayıb ki, rəqəmsallaşma dövründə yalnız nəzəri biliklər deyil, praktik bacarıqların formalaşdırılması xüsusi əhəmiyyət daşıyır: “Ötən dövrdə 10 mindən artıq tələbə müxtəlif təlim proqramlarına cəlb edilərək əmək bazarına təqdim olunub. Bəzi tərəfdaşlıq layihələrimizdə işə qəbul göstəricisi artıq 90 faizə çatır. “IT SkillSprint” proqramı fevral ayında başlayacaq və iyul ayına qədər davam edəcək”.