2025-ci ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi 1 072 cərimə protokolu tərtib edib ki, bunun da 763-ü nəqliyyat vasitələrini texniki baxışdan keçirmədən idarəetmə halları ilə bağlı olub.
“İki sahil” bu barədə agentliyə istinadla xəbər verir.
Qurum bəyan edib ki, kənd təsərrüfatı təyinatlı mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının istifadəçiləri onlara məxsus nəqliyyat vasitələrini ildə bir dəfə dövlət texniki baxışına təqdim etməlidir. Texniki baxışdan keçməyən nəqliyyat vasitələrinin istismarı qanunla qadağandır.
Monitorinqlər göstərir ki, hələ də texniki baxışa cəlb etmədən nəqliyyat vasitələrinin istismarı halları mövcuddur. Bu da öz növbəsində hərəkət iştirakçılarının qanunun tələbini pozmasına, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, cərimələnməsinə gətirib çıxarır. Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi təkcə yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün yox, həmçinin ictimai-asayişin qorunması və cinayətlərin qarşısının alınması üçün də qanunla nəzərdə tutulan vacib tələblərdən biridir.
Nəqliyyat vasitələrinə dövlət texniki baxışı nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənəd, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, dövlət rüsumunun və utilizasiya haqqının ödənilməsi barədə sənəd və icbari sığortanın mövcudluğunu təsdiq edən sənədlər təqdim edildikdən sonra həyata keçirilir. Traktorlar, meşə və kənd təsərrüfatında istifadə edilən özügedən mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün texniki baxışa görə dövlət rüsumu 15 manat və istehsal ilindən asılı olaraq utilizasiya haqqından ibarətdir. Texniki baxış respublikanın bütün rayon və şəhərlərində texnikaların duracaq yerləri üzrə faziləsiz və səyyar şəkildə həyata keçirilir.
Növbəti texniki baxışın keçiriləcəyi gün əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır. Növbəti texniki baxışın keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirməyən nəqliyyat vasitələrinin sahibləri İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə daşıyırlar.
Hərəkət iştirakçıları texniki baxışla əlaqədar olaraq onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 1652 nömrəsi əlaqə saxlaya bilərlər.