05 fevral 2026 22:57
133

Azərbaycan ABŞ-ın regiondakı ən böyük ticarət tərəfdaşıdır

2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard 556 milyon dollar olub

Dünyanın fövqəlgüc ölkəsi hesab edilən ABŞ-ın regiondakı ən böyük ticarət tərəfdaşı Azərbaycandır. Bu barədə beynəlxalq iqtisadi təşkilatların hesabatlarında  bildirilir. Xatırladaq ki,  iki ölkə arasında ticarət dövriyyəsinin artımı əsasən 2022-ci ildən başlayıb. Belə ki, həmin il Azərbaycanla ABŞ  arasında ticarət dövriyyəsi 570,1 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə idxalın həcmi 479,8 milyon dollar, ixracın həcmi isə 90,3 milyon dollar olub. 2023-cü ildə isə idxal 888,1 milyon dollara çatıb. Nəticədə ticarət dövriyyəsinin ümumi həcmi 904,1 milyon ABŞ dolları təşkil edib.

2024-cü ildə isə ticarət əlaqələrində əhəmiyyətli artım müşahidə olunub. Belə ki, həmin ildə Azərbaycanın  idxalı 1 milyard 617,93 milyon dollara, ixracı 135,03 milyon dollara çatıb. Bu da iki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard 752,96 milyon ABŞ dollarına çatmasına şərait yaradıb. Ən nəhayət, 2025-ci ildə ticarət dövriyyəsi 1 milyard 556 milyon dollaradək yüksəlib.

Azərbaycanın ABŞ bazarına ixrac etdiyi məhsul çeşidinə xam neftlə yanaşı, təbii meyvə şirələri və mürəbbələr, xalça və tekstil məmulatları, dərman və ətir sənayesində istifadə olunan bitkilər, şərab məhsulları, müxtəlif avadanlıqlar və mexaniki qurğular, kimyəvi məhsullar, eləcə də radio və radar texnologiyaları daxildir.

Eyni zamanda, Azərbaycan ABŞ-dan əsasən sənaye və yüksək texnologiya tutumlu məhsullar idxal edir. Bunlara maşın və avadanlıqlar, mülki təyyarələr, onların mühərrikləri və ehtiyat hissələri, avtomobillər, dərman preparatları, tibbi avadanlıqlar, kimyəvi məhsullar, istehlak malları və enerji ilə bağlı məhsullar aiddir.

Bu gün ABŞ ölkəmizdə sərmayə həcminə görə də ikinci aparıcı investor mövqeyindədir. Hazırda Azərbaycanda ABŞ kapitallı 200-dən çox şirkət fəaliyyət göstərir ki, bu da iqtisadi əməkdaşlığın miqyasını aydın şəkildə göstərir. ABŞ- Azərbaycan Ticarət Palatası və Azərbaycandakı Amerika Ticarət Palatası kimi qurumlar iki ölkə arasında davamlı biznes münasibətlərinin formalaşmasına töhfə verən əsas institusional mexanizmlərdən biri kimi çıxış edir. Bu təşkilatlar ticarət missiyalarının təşkili, konfrans və biznes forumlarının keçirilməsi, eləcə də dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma funksiyasını yerinə yetirirlər.

Bu günlərdə Davosda keçirilən Dünya İqtisadi Forumu Azərbaycan-ABŞ münasibətləri baxımından uğurlu olub. Prezident İlham Əliyevin yanvarın 20-də Davosda «BlackRock» şirkətinin baş icraçı direktoru Larri Fink və «Global Infrastructure Partners» şirkətinin təsisçisi və icraçı direktoru Adebayo Oqunlesi ilə görüşü xüsusi əhəmiyyət daşıyıb. «BlackRock» baş ofisi Nyu-York şəhərində yerləşən ABŞ-ın qlobal investisiyaların idarəedilməsi şirkətidir.

Davos görüşünün əsas nəticəsi Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə «BlackRock» arasında uzunmüddətli əməkdaşlıq niyyətlərini əks etdirən protokolun imzalanması olub. Sənəd strateji tərəfdaşlığın qurulmasını və birgə investisiya layihələri üzrə 1,5 milyard ABŞ dollarınadək kapital qoyuluşu imkanlarının araşdırılmasını nəzərdə tutur. Bu əməkdaşlıq iqtisadi səmərə ilə yanaşı, Azərbaycanın beynəlxalq investisiya mühitində mövqeyinin möhkəmlənməsinə və siyasi-diplomatik çəkisinin artmasına xidmət edir.

Yanvarın 22-də Davosda Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp ilə görüşü xüsusi önəm kəsb edən mühüm siyasi hadisə  oldu. Donald Tramp Dünya İqtisadi Forumunda nadir ölkə rəhbərləri ilə görüş keçirib ki, bunlardan biri də məhz Azərbaycan lideri olub. Söhbət zamanı dövlət başçıları ikitərəfli əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların münasibətlərin dərinləşdirilməsində rolunu qeyd ediblər. Bu görüşlərdən sonra Azərbaycan və ABŞ iqtisadi əlaqələrinin daha da genişlənəcəyi gözlənilir.

Elçin Zaman, «İki sahil»