03 fevral 2026 20:13
136

Vatikan QƏRAR VERDİ: Meloniyə bənzəyən təsvir freskadan silinəcək

Vatikan Romanın San-Lorenso-in-Luçina bazilikasının ibadətgahında yerləşən freskanın düzəldilməsi barədə göstəriş verib. Söhbət üz cizgiləri son bərpadan sonra İtaliyanın baş naziri Corcia Meloniyə çox bənzəyən kerub təsvirindən gedir.

“İki sahil” xəbər verir ki,  bu barədə "La Repubblica" qəzeti məlumat yayıb.

Məlumata görə, qərar kilsənin rektoru Daniyele Mikeletti ilə Roma vikariatının nümayəndələri arasında baş tutan telefon danışığından sonra qəbul edilib. Məhz həmin söhbətdən sonra freskanın mövcud vəziyyətdə saxlanılmasının məqsədəuyğun olmadığı qənaətinə gəlinib.

Qeyd olunur ki, freska üzərində aparılan son restavrasiya işlərindən sonra kerubun siması ictimaiyyətin diqqətini çəkib və sosial şəbəkələrdə onun İtaliya hökumət başçısına bənzərliyi ilə bağlı geniş müzakirələrə səbəb olub. Vatikan isə bu bənzərliyin aradan qaldırılması üçün təsvirin korrektə edilməsinə qərar verib.

Nəşrin məlumatına görə, Roma yeparxiyasının baş vikarı Baldassare Reyna vurğulayıb ki, müqəddəs incəsənət öz təyinatından kənar, yəni müasir siyasi məqsədlər üçün istifadə edilə bilməz. La Repubblica yazır ki, freskada təsvir olunan kerubun simasının açıq şəkildə xanım Meloniyə bənzəməsi ətrafında yaranan səs-küy V əsrdə inşa edilmiş bazilikaya çoxsaylı maraqlı vətəndaşların axınına səbəb olub ki, bu da kilsəni narazı salıb.

Freskanın müəllifi restavrator Bruno Valentinettidir. O, əsəri 2000-ci ildə yaradıb və 2023-cü ildə də məhz özü bərpa edib. Valentinettinin sözlərinə görə, o, kerubun simasına İtaliyanın baş nazirinin cizgilərini verməyə cəhd göstərməyib, sadəcə 25 il əvvəl özünün yaratdığı təsviri bərpa edib. La Repubblicanin məlumatına əsasən, freskanın düzəldilməsi işi böyük ehtimalla yenə də Valentinettinin üzərinə düşəcək, lakin bu dəfə o, kerubun simasının “tipik səmavi görkəm” alması üçün ciddi nəzarət altında çalışacaq.