"Uolt Disney Co." şirkətinin direktorlar şurası son altı il ərzində şirkətin tematik parklar bölməsinə rəhbərlik etmiş Coş D’Amaronu yeni baş icraçı direktor (CEO) vəzifəsinə seçib.
“İki sahil” xəbər verir ki, bu barədə mediakorporasiyanın rəsmi mətbuat açıqlamasında bildirilib.
Coş D’Amaro martın 18-də rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq. O, bu postda 1996-cı ildən etibarən şirkətə müxtəlif dövrlərdə rəhbərlik etmiş Bob Aygeri əvəz edəcək.
54 yaşlı Coş D’Amaro 1998-ci ildə Uolt Disney şirkətində çalışmağa başlayıb. O, 2020-ci ildən Disney Experiences bölməsinin sədri vəzifəsini tutub, bundan əvvəl isə Walt Disney World Resort-un prezidenti olub. Tematik parkların rəhbəri kimi D’Amaro kruiz donanmasının genişləndirilməsinə, eləcə də Əbu-Dabidə yeni tematik parkın tikintisinə nəzarət edib.
Coş D’Amaro əsas namizədlərdən biri olan Disney Entertainment-in həmsədri Dana Uolden üzərində üstünlük qazanıb. Dana Uolden isə Uolt Disney şirkətində prezident və baş kreativ direktor vəzifələrinə təyin olunub.
Yanvar ayının sonunda The Wall Street Journal nəşri Bob Aygerin baş icraçı direktor vəzifəsindən vaxtından əvvəl ayrılmağı və gündəlik idarəetmədən çəkilməyi planlaşdırdığını yazmışdı. Ayger 2020-ci ildə artıq bu postu tərk etmişdi, lakin 2022-ci ilin sonunda şirkətin inkişafı üçün strateji istiqaməti müəyyənləşdirmək və varis hazırlamaq məqsədilə yenidən vəzifəyə qayıtmağa razılıq vermişdi.