Ermənistan silahlı qüvvələrinin ruhani rəhbərliyinin ləğv edilməsi bu ölkənin dövlətçiliyində onilliklər ərzində formalaşmış kilsə-ordu simbiozunun faktiki olaraq dağılması, orduda siyasi və dini radikalizmin azalması deməkdir
2000-ci ildən qüvvədə olan və Ermənistan Apostol Kilsəsinin Üçmüədzin mərkəzi vasitəsilə orduda sistemli təsirini təmin edən mexanizm Müdafiə Nazirinin 29 yanvar 2026-cı il tarixli əmri ilə hüquqi qüvvəsini itirib. Bu qərar həm Ermənistanın daxili siyasi prosesləri, həm də regionun təhlükəsizlik arxitekturası baxımından mühüm nəticələr vəd edir. İlk növbədə ləğv edilən ruhani rəhbərliyin strukturuna diqqət yetirmək vacibdir. Bu qurum klassik hərbi-mənəvi xidmət modeli deyildi. Formal olaraq Müdafiə Nazirliyinin sistemində göstərilsə də, faktiki olaraq Ermənistan Apostol Kilsəsinə tabe idi. Ermənistan ordusunda xidmət aparan 42 ruhani şəxsin yalnız 8-i müddətli hərbi qulluqçu statusuna (diakon statusu) malik idi, qalan 34 nəfər isə (o cümlədən 1 arximandrit, 16 keşiş və 17 diakon olub) Üçmüədzin tərəfindən təyin edilmiş könüllü ruhanilərdən ibarət idi. Bu, Ermənistan silahlı qüvvələri (SQ) daxilində dövlət nəzarətindən kənar, paralel ideoloji mərkəzin mövcudluğu demək idi.
Bu strukturun ən problemli cəhəti ikili tabeçilik idi. Erməni keşişlər hərbi komandanlığa hesabat vermir, eyni zamanda, hərbi rütbə daşımırdılar. Onların fəaliyyət çərçivəsi Ermənistan Müdafiə Nazirliyinin əmrləri ilə deyil, kilsə rəhbərliyinin siyasi-dini xətti ilə müəyyən olunurdu. Nəticədə Ermənistan ordusu daxilində dini ayin icrası ilə yanaşı, açıq ideoloji formalaşdırma prosesi həyata keçirilirdi. Bu ideologiyanın əsas xətti isə revanşizm, etnik-dini müstəsnalıq və münaqişənin “müqəddəs mübarizə” kimi təqdim olunması idi. Erməni keşişlərin Qarabağ müharibəsi və sonrakı dövrdə tutduğu mövqe bunu açıq şəkildə sübut edir. Onlar təkcə mənəvi dəstək göstərmirdi, bilavasitə müharibə ritorikasının daşıyıcısına çevrilmişdilər. Kilsə tribunaları, hərbi hissələrdə keçirilən ayinlər və ictimai çıxışlar vasitəsilə məğlubiyyətin qəbul edilməməsi, revanşist düşüncənin legitimləşdirilməsi təşviq olunurdu. Bu isə Ermənistan ordusunda rasional hərbi analiz və real güc balansına əsaslanan yanaşmanı zəiflədirdi.
Ermənistan Müdafiə Nazirliyinin ruhani rəhbərliyi ləğv etməsi bu baxımdan institusional təmizlənmə xarakteri daşıyır. Qərar ordu üzərində kilsənin birbaşa nəzarət mexanizmini sıradan çıxarır və ordunu vahid dövlət idarəetmə sisteminə qaytarır. Üçmüədzin kilsəsinin orduda ideoloji hegemonluğuna son qoyulması Ermənistan daxilində də kilsənin siyasi alət kimi istifadəsini məhdudlaşdırır.
Yeni formalaşdırılacaq struktur əvvəlkindən prinsipial şəkildə fərqlənir. Müdafiə naziri Papikyan Ermənistan Baş Qərargah rəisinə 3 gün ərzində silahlı qüvvələrdə mənəvi xidmət funksiyalarını həyata keçirəcək, baş hərbi keşiş və hərbi keşiş vəzifələrinin yaradılması ilə bağlı təkliflər təqdim etməyi tapşırıb. Qərara əsasən, mənəvi xidmət funksiyalarını icra edəcək şəxslər hərbi qulluqçu statusu alacaq, müvafiq rütbələr (“mayor” və “kapitan” rütbə dərəcələrinə uyğun) daşıyacaq və Ermənistan SQ Baş Qərargahının mənəvi-psixoloji təminat idarəsinin tabeliyində fəaliyyət göstərəcək. 42 ruhanidən yalnız 8 nəfər xidmətini davam etdirəcək, qalan 34 nəfər isə artıq xidmət etməyəcək. Bu, dini faktorun ideoloji yox, psixoloji dəstək elementi kimi qəbul edilməsi deməkdir. Yəni, keşiş artıq kollektiv şüuru formalaşdıran siyasi fiqur yox, fərdi psixoloji sabitliyə töhfə verən yardımçı rolunda çıxış edəcək. Bu dəyişiklik orduda siyasi və dini radikalizmin azalmasına real zəmin yaradır. Çünki dini təbliğat artıq kilsənin nəzarətində olmayacaq, hərbi nizam-intizam və dövlət maraqları çərçivəsində məhdudlaşdırılacaq. Eyni zamanda, bu model Ermənistan ordusunun NATO və Qərb hərbi doktrinalarına yaxınlaşması baxımından da uyğun sayılır. Qərb ordularında mənəvi-psixoloji xidmət var, lakin bu xidmət heç vaxt dini mərkəzlərin ideoloji təsir alətinə çevrilmir.
Qeyd edək ki, qərar müxalifətin sərt etirazına səbəb olub. “Daşnaksütyun” partiyasından olan deputat Geqam Manukyan videoçıxışında bildirib ki, 44 günlük müharibə zamanı ruhanilər daim əsgərlərin yanında olub, yaralanan və həlak olan kapellanlar da mövcud olub. Onun sözlərinə görə, hakimiyyət bu addımla ordunun “mənəvi dayaqlarını dağıdır”. Manukyan qərarın Ordu Günündən – 28 yanvardan dərhal sonra açıqlanmasını da təsadüfi saymadığını vurğulayıb. Narazılıq kilsə daxilindən də açıq şəkildə səslənib. İerey Psak Mkrtçyan sosial şəbəkədə yazıb ki, artıq “Kanaza” hərbi hospitalının Surb Qriqor Narekatsi kilsəsində ibadət və liturgiya olmayacaq, ruhanilər isə vəzifələrindən azad ediliblər.
Beləliklə, Ermənistanda yaranmış mənzərə ba nazir Nikol Paşinyanın kilsəyə qarşı apardığı mübarizənin yeni mərhələyə daxil olduğunu göstərir. Hakimiyyətin yanaşmasına görə, Azərbaycan xalqına qarşı onilliklər, hətta əsrlər boyu nifrət ideologiyası ilə yüklənmiş və bu düşüncəni ordunun şüuruna daşıyan institutlardan biri kimi kilsənin ordudakı təsiri aradan qaldırılmalıdır. Bu isə Ermənistan daxilində kilsə–dövlət münasibətlərində daha sərt və açıq qarşıdurma dövrünün başlandığını deməyə əsas verir.
Sevinc Azadi, “İki sahil”