Çin hakimiyyəti gizli və ya elektron qapı tutacaqları ilə təchiz olunmuş avtomobillərin istehsalını qadağan edib.
“İki sahil” RT-yə istnadla xəbər verir ki, müvafiq qərar Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytında dərc olunub.

Sənədə əsasən, bütün avtomobil istehsalçıları hər bir qapıda, o cümlədən salonun içindən açılma mexanizmi olan mexaniki qapı tutacaqları quraşdırmağa məcbur ediləcək. Yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
TechCrunch nəşrinin yazdığına görə, Çin təhlükəsizlik səbəbləri ilə gizli qapı tutacaqlarını qadağan edən ilk ölkə olub. Daha əvvəl elektron sistemlərə görə sürücülərin yol-nəqliyyat hadisələri zamanı avtomobillərdə kilidli qalması halları dəfələrlə qeydə alınıb.
Nəşr həmçinin qeyd edir ki, gizli qapı tutacaqları əsasən Tesla avtomobillərinin fərqləndirici xüsusiyyətlərindən biri hesab olunur. Bununla belə, Amerika şirkəti yeni qaydaların hazırlanmasında iştirak edən şuraya daxil olmayıb.