2025-ci il ərzində Böyük Britaniyada hərbi obyektlərin yaxınlığında pilotsuz uçuş aparatları (PUA) ilə bağlı qeydə alınan insidentlərin sayı iki dəfə artıb.
“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirliyin rəsmi saytında bildirildiyinə görə, 2025-ci ildə hərbi obyektlərin yaxınlığında PUA-larla bağlı ümumilikdə 266 insident qeydə alınıb. Müqayisə üçün qeyd olunur ki, 2024-cü ildə bu cür halların sayı 126 təşkil edib.
Müdafiə Nazirliyində vurğulanıb ki, pilotsuz uçuş aparatlarına qarşı mübarizə məqsədilə britaniyalı hərbçilərə yeni səlahiyyətlər veriləcək. Hazırda Böyük Britaniya ərazisində PUA-ların zərərsizləşdirilməsi hüququ yalnız polis əməkdaşlarına məxsusdur. Yeni qanun hərbi obyektlərin təhlükəsizliyini gücləndirəcək və silahlı qüvvələrə ölkənin müdafiə obyektlərinə təhlükə yaradan istənilən pilotsuz sistemləri məhv etmək imkanı verəcək.
Nazirliyin məlumatına görə, son aylarda 40-a yaxın hərbi obyektin ətrafında hava məkanının istifadəsinə məhdudiyyətlər tətbiq olunub. Bu obyektlərin mühafizəsi məqsədilə ərazilərdə xüsusi pilotsuz uçuş aparatları, eləcə də videomüşahidə sistemləri və inteqrasiya olunmuş təhlükə monitorinqi sistemləri yerləşdirilib.
Rəsmi London artan PUA təhlükəsini milli təhlükəsizlik üçün ciddi risk kimi qiymətləndirir və bu sahədə nəzarət mexanizmlərinin daha da sərtləşdiriləcəyini bildirir.
Türkiyə və Qazaxıstan arasında 2026–2027-ci illər üzrə Əməkdaşlıq Planı imzalanıb