01 fevral 2026 02:02
275

İsveç polisi yeni növ fırıldaqçılıq barədə xəbərdarlıq edir

İsveç polisi “job scam” kimi tanınan yeni növ fırıldaqçılığın yayıldığı barədə xəbərdarlıq edir. Bu üsulla insanlar saxta iş elanları vasitəsilə aldadılır. Belə elanlar daha çox sosial şəbəkələrdə yayımlanır və gün ərzində bir neçə saatlıq iş müqabilində asan qazanc vəd edir, təcrübə isə tələb olunmur.

“İki sahil” xəbər verir ki, polisin məlumatına görə, cəlbedici elanların arxasında adətən fırıldaqçılar dayanır. İnsanlar maliyyə əməliyyatlarına cəlb edilir, onlardan pul köçürməsi, şirkətə investisiya yatırması və ya saxta internet mağazalarından məhsul alması tələb olunur. Nəticədə zərərçəkənlər böyük məbləğləri itirmək riski ilə üzləşir və hətta istəmədən pul yuyulması üzrə əməliyyatların iştirakçısına çevrilə bilirlər.

Bütün ünsiyyət adətən “Telegram” kimi şifrələnmiş mesajlaşma proqramları vasitəsilə aparılır, burada qurbanlar saxta həmkarlar qrupuna əlavə olunur. Polis bildirir ki, belə tapşırıqları yerinə yetirmək cinayət məsuliyyətinə səbəb ola bilər.

Fırıldaqçılığın əsas əlamətləri isə ixtisas tələblərinin olmaması, təcili işə çıxma və bank rekvizitlərinin təqdim olunmasının tələb olunmasıdır. Hüquq-mühafizə orqanları diqqətli olmağa və belə təklifləri diqqətlə yoxlamağa çağırır.