28 yanvar 2026 17:37
144

Məlumatların Mühafizəsi Günü münasibətilə maarifləndirici tədbir keçirilib - FOTO

Yanvarın 28-də Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Rəqəmsal Mühafizə: Məlumat Təhlükəsizliyinin Gücləndirilməsi” mövzusunda interaktiv maarifləndirmə və tətbiqetmə tədbiri təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, Naxçıvan şəhər Uşaq-Gənclər Şahmat Məktəbində təşkil olunan tədbirdə muxtar respublika üzrə dövlət qurumlarının informasiya texnologiyaları mütəxəssisləri və informasiya təhlükəsizliyi üzrə məsul şəxsləri iştirak edib. Tədbirin əsas məqsədi dövlət qurumlarında informasiya təhlükəsizliyi sahəsində bilik və bacarıqların artırılması, mövcud risklər barədə məlumatlılığın gücləndirilməsi olub.

Tədbir Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin, eləcə də müasir Azərbaycan dövlətinin memarı, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Nazirliyin əməkdaşları Kənan Hüseynəliyev və Bilgin Həsənov dövlət qurumlarında informasiya təhlükəsizliyinin rolu və əhəmiyyəti mövzularında çıxış ediblər, mövzu ilə bağlı məlumatlandırıcı videoçarx nümayiş olunub. Daha sonra informasiya təhlükəsizliyi üzrə 25 sualdan ibarət test yarışı keçirilib.

Tədbirin tətbiqetmə mərhələsində Nazirliyin əməkdaşı Turqay Məhərrəmov tərəfindən nəzəri biliklərə əsaslanan suallar və ssenari əsaslı praktiki tapşırıqlar icra edilib, informasiya təhlükəsizliyi üzrə müzakirələr aparılıb, real iş mühitindən nümunələr əsasında mümkün həll yolları təqdim olunub.

Yekunda testin nəticələrinə əsasən iştirakçıların bilik səviyyəsi qiymətləndirilib və yüksək nəticə göstərən ilk 3 iştirakçı mükafatlandırılıb, tədbirdə aktiv iştirakı ilə seçilən üç nəfər isə sertifikatla təmin olunub.

Qeyd edək ki, tədbir 28 yanvar-Məlumatların Mühafizəsi Günü münasibətilə və “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiya”sı çərçivəsində keçirilib.