25 yanvar 2026 16:40
120

İraqda prezident seçkilərinin vaxtı məlum olub

İraqda prezident seçkiləri ölkənin parlamenti – Nümayəndələr Şurasında yanvarın 27-də keçiriləcək.

“İki sahil”in INA-ya istinadən verdiyi məlumata görə, bu barədə İraq parlamentinin sədri Heybət əl-Həlbusi bildirib.

"Respublika prezidentinin seçilməsi ilə bağlı parlamentin iclası 27 yanvar tarixinə təyin olunub", - o deyib.

Dövlət başçısı postuna namizədlərin yekun siyahısında 19 nəfərin adı var. Onların arasında hazırkı prezident Əbdül Lətif Rəşid (namizədliyini özü irəli sürüb) və hazırkı xarici işlər naziri Fuad Hüseyn də yer alır.

Xatırladaq ki, 2025-ci ilin sonunda İraq parlamenti Heybət əl-Həlbusini Nümayəndələr Şurasının sədri seçib. Konstitusiyaya əsasən, bundan sonrakı 30 gün ərzində deputatlar ölkə prezidentini seçməlidirlər. Prezident isə ən böyük koalisiyaya İraqın baş nazirliyinə namizəd irəli sürməyi tapşırmalıdır.