23 yanvar 2026 18:46
124

Gələcəkdə insandan çox robot olacaq?

Amerikalı milyarder, “Tesla”, “SpaceX” və “Starlink” şirkətlərinin rəhbəri İlon Mask İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı süni intellekt (Sİ) və robototexnika ilə bağlı diqqətçəkən açıqlamalar verib. Onun səsləndirdiyi fikirlər adi texnoloji təqdimatdan daha çox gələcəklə bağlı ciddi xəbərdarlıq təsiri bağışlayıb.

Maskın çıxışında ən çox diqqət çəkən məqam “Tesla”nın insanabənzər “Optimus” robotları ilə bağlı planlar idi. Onun sözlərinə görə, bu robotlar artıq laboratoriya mərhələsini geridə qoyaraq real zavod mühitində sadə tapşırıqları icra edir. Təhlükəsizlik və etibarlılıq tam təmin olunduqdan sonra, 2026-cı ilin sonuna qədər “Optimus” robotlarının satışa çıxarılması nəzərdə tutulur. “Biz insanın qorxmayacağı bir robot yaratmaq istəyirik”, – deyə Mask vurğulayıb.

Robot artıq sadəcə mexanizm deyil

Bu açıqlamalar robot anlayışının köklü şəkildə dəyişdiyini göstərir. Artıq söhbət yalnız istehsal xəttində işləyən mexanizmlərdən yox, insan davranışını təqlid edən, mühitə uyğunlaşan və qərar verə bilən sistemlərdən gedir. Bu isə əmək bazarının klassik qaydalarını sarsıdır. İnsan əməyinin əvəzlənməsi təkcə sənaye ilə məhdudlaşmır, xidmət sahəsinə və gündəlik həyata qədər yayılır.

Maskın “robotların sayı insanları üstələyəcək” fikri də bu prosesin məntiqi davamı kimi səslənir. Onun fikrincə, süni intellektin sürətli inkişafı və texnologiyanın ucuzlaşması robotları kütləvi məhsula çevirəcək. Bu mərhələni Mask “sonsuz bolluq” dövrü adlandırır. Robotlar istehsalı artıracaq, xərcləri azaldacaq və yoxsulluğun aradan qaldırılmasına imkan yaradacaq. Onun sözlərinə görə, gələcəkdə hər kəs ev işləri, uşaqlara və yaşlılara qulluq üçün robot istəyəcək.

Nikbin ssenarinin kölgə tərəfi

Lakin bu optimist mənzərə ilə yanaşı, ciddi suallar da ortaya çıxır. Əgər işlərin böyük hissəsini robotlar görəcəksə, insanların gəlir mənbəyi nə olacaq? Əmək anlayışı necə dəyişəcək? Mask bu suallara birbaşa cavab verməsə də, universal əsas gəlir və sosial rifah modelləri ilə bağlı müzakirələrin qaçılmaz olduğunu qəbul edir.

Robotların gündəlik həyata daxil olması sosial dəyişikliklər də vəd edir. Yaşlanan əhali üçün bu texnologiyalar böyük rahatlıq yaratsa da, ailə daxilində ünsiyyətin azalması və texnologiyadan asılılığın artması kimi risklər də mövcuddur.

Süni intellekt insan zəkasını keçərsə…

Maskın ən sərt iddialarından biri də süni intellektlə bağlıdır. O, hesab edir ki, Sİ yaxın illərdə təkcə fərdi insan zəkasını deyil, bəşəriyyətin kollektiv intellektini də geridə qoya bilər. Bu isə etik və hüquqi sualları daha da aktuallaşdırır: qərarları alqoritmlər verəndə məsuliyyət kimdə qalacaq?

Məhz buna görə Mask robotların təhlükəsizliyinin və tənzimlənməsinin vacibliyini xüsusi vurğulayır. Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə qanunvericiliyin bu prosesə uyğunlaşması artıq zərurətə çevrilib.

Gələcək artıq gəlir...

Nəticə etibarilə, “hər kəs robot istəyəcək” ifadəsi sadəcə futuristik fikir deyil. Bu, insan həyatının, əmək anlayışının və sosial münasibətlərin ciddi şəkildə dəyişəcəyinin anonsudur. Maskın Davosdan verdiyi əsas mesaj isə aydındır: gələcək artıq gəlir və əsas məsələ bu gələcəyi insan üçün təhlükəsiz və ədalətli şəkildə qurmaqdır.

Nigar Orucova, "İki sahil"