23 yanvar 2026 12:24
120

Gürcüstan Venesuelanı Abxaziya və Cənubi Osetiyanın tanınmasını GERİ GÖTÜRMƏYƏ ÇAĞIRIR

Gürcüstanın BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Revaz Lominadze Venesuelanın nümayəndəsi Aleksandr Yanes Deleus ilə görüş keçirib.

“İki sahil” xəbər verir ki,  bu barədə "Interpressnews" Gürcüstan Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb. Danışıqların əsas mövzusu Bolivar Respublikası hakimiyyətinin Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyini” tanıması ilə bağlı qərarının geri götürülməsi olub.

Qeyd edək ki, 10 sentyabr 2009-cu ildə Venesuelanın o zamankı prezidenti Uqo Çaves Abxaziya və Cənubi Osetiyanın dövlət müstəqilliyini tanıdığını bəyan etmişdi. Bu addımdan sonra Gürcüstan Latın Amerikası dövləti ilə diplomatik münasibətlərin kəsildiyini elan etmişdi.

Cenevrədə keçirilən görüş zamanı gürcü tərəfi Venesuelada baş verən son hadisələrin Gürcüstanın milli maraqlarına və beynəlxalq hüquq normalarına uyğun olaraq bu qeyri-qanuni qərarın yenidən nəzərdən keçirilməsinə və ləğvinə şərait yaradacağına ümid etdiyini bildirib. Bu fikir Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı rəsmi açıqlamada yer alıb.

Gürcüstan XİN oxşar mövqeni ABŞ-ın Karakasda həyata keçirdiyi xüsusi əməliyyatdan dərhal sonra da səsləndirib. Həmin əməliyyat nəticəsində Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilərək ölkədən çıxarıldığı bildirilmişdi. Gürcü tərəfi o zaman hakimiyyət dəyişikliyinin Venesuelanın Abxaziya və Cənubi Osetiyanın tanınması ilə bağlı “qanunsuz qərarını” ləğv edəcəyinə ümid etdiyini vurğulamışdı.