23 yanvar 2026 12:22
123

Tramp miqrantlara qarşı mübarizə üçün NATO-nun 5-ci maddəsinin tətbiqini TƏKLİF EDİB

ABŞ Prezidenti Donald Tramp qeyri-qanuni miqrasiya ilə mübarizə məqsədilə NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinin işə salınmasını təklif edib. Onun sözlərinə görə, bu maddə əsasında alyans üzvü olan ölkələrin qüvvələri ABŞ–Meksika sərhədinin mühafizəsinə cəlb oluna bilər.

“İki sahil” xəbər verir ki,  Donald Tramp bu təşəbbüsü özünə məxsus Truth Social sosial şəbəkəsində paylaşdığı açıqlamada səsləndirib.

ABŞ Prezidenti bildirib ki, NATO-nun imkanlarını “sınaqdan keçirməyin” vaxtı çata bilər.

“Bəlkə NATO-nu sınaqdan keçirmək lazımdır: 5-ci maddəni işə salmaq və alyansı qeyri-qanuni miqrantların davam edən ‘işğalından’ cənub sərhədimizi qorumağa məcbur etmək”, – deyə Tramp qeyd edib.

Amerika liderinin fikrincə, NATO kontingentinin ABŞ-ın cənub sərhədlərinin mühafizəsinə cəlb olunması ölkənin hüquq-mühafizə və təhlükəsizlik qurumlarının yükünü əhəmiyyətli dərəcədə azalda bilər.