22 yanvar 2026 11:45
117

Sülh ən böyük sərvətdir

Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər ölkələrinə ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə ölkəmizin enerji əməkdaşlığı artmaqdadır. Azərbaycan artıq 16 ölkəyə təbii qaz ixrac edir və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə ölkəmiz dünyada birinci yerdədir. 
Yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində Prezident İlham Əliyev ölkəmizin enerji potensialından bəhs edərkən qeyd etdi ki, Azərbaycan təbii resurslara, nəqliyyat sisteminə və müasir boru kəmərlərinə malikdir. Ölkəmizin bir çox Avropa ölkəsi ilə yaxşı münasibətləri var və bu, onlar üçün öz enerji təhlükəsizliyini gücləndirmək imkanıdır. Ölkəmiz üçün isə bu, premium bazarda ehtiyatlarımızı satmaq fürsətidir. Baxmayaraq ki, Azərbaycan qazı təkcə Avropaya satmır, bu yaxınlarda Suriyaya da ixrac etməyə başlamışdır. Qiymət baxımından Avropa bazarı daha yaxşıdır. 
“Euronews” televiziyasına müsahibəsində Prezident İlham Əliyev dünyada baş verən proseslər fonunda neftin qiymətinin sabit olduğuna da diqqət çəkdi. Ölkə başçısı bildirdi ki, neftin qiyməti ən azı Azərbaycan üçün məqbul səviyyədədir. Bu, İranda, Venesuelada və ya dünyanın digər bölgələrində olan vəziyyətin neftin qiymətinə ciddi təsir göstərmədiyini nümayiş etdirir. Bu, yaxşı göstəricidir, çünki həm hasilatçıların, həm də istehlakçıların gələcəklərini planlaşdırmaq üçün vəziyyətin proqnozlaşdırıla bilinməsinə ehtiyacı var. Ölkə başçısı vurğuladı ki, Cənubi Qafqazda və region ətrafında vəziyyətin pisləşməyəcəyinə ümid edir. Odur ki, hər bir ölkə regional sabitliyə və təhlükəsizliyə öz töhfəsini verməlidir.
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində sabitlik və təhlükəsizlik mövzusunda danışarkən qeyd etdi ki, Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir. Azərbaycana gəldikdə, ölkə daxilində potensial risklər mövcud deyil. Bütün potensial risklər kənardan qaynaqlana bilər. Bu səbəbdən ölkəmiz hər zaman qonşuluğunda sabitliyin mövcud olması haqqında düşünür. Azərbaycan İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatdır. Azərbaycan üçün regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. Ölkəmiz işğaldan və müharibədən əziyyət çəkib, minlərlə qurban verib. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur.

Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri