19 yanvar 2026 19:12
118

Ombudsman Aparatında 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbiri təşkil olunub.

“İki sahil” xəbər verir ki, tədbirdə əvvəlcə 20 Yanvar faciəsi zamanı həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ombudsman  Səbinə Əliyeva açılış nitqi ilə çıxış edərək 20 Yanvar faciəsinin tariximizin faciəli, eyni zamanda, şərəfli və taleyüklü səhifələrindən biri olduğunu bildirib. Müvəkkil bu hadisələr zamanı fundamental insan hüquqlarının, beynəlxalq hüququn əsas prinsiplərinin kütləvi şəkildə pozulduğunu qeyd edib.

Səbinə Əliyeva 20 Yanvar faciəsinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verildiyini, onun Moskvada Azərbaycanın daimi nümayəndəliyində verdiyi bəyanatla bu qanlı cinayətin dünya ictimaiyyətinin diqqətinə çatdırıldığını söyləyib. Müvəkkil beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti tərəfindən həmin dövrdə bu ağır cinayətə lazımi hüquqi-siyasi reaksiya verilmədiyini bildirib, bu ədalətsizliyin sonradan regionumuzda daha ağır cinayətlərin törədilməsinə zəmin yaratdığını qeyd edib. Ombudsman 20 Yanvar şəhidlərinin xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıb.

20 Yanvar faciəsinin şahidi Nazim Ələkbərov tədbirdə çıxışı zamanı 20 Yanvar faciəsi ilə bağlı xatirələrini bölüşüb, həmin gecənin xalqımızın yaddaşında silinməz izlər buraxdığını diqqətə çatdırıb.

Sonra  Ombudsman Aparatının əməkdaşları Fəzail Həsənov və Polad Cəfərzadə 20 Yanvar faciəsinin tarixi-siyasi əhəmiyyətindən danışıb, şəhidlərin xatirəsinin daim uca tutulacağını qeyd edib.

Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

Yekunda Ombudsmanın 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı bəyanatı səsləndirilib.