19 yanvar 2026 19:11
128

Şabran rayonunun Sincanboyad kəndində yüzlərlə sakin içməli su ilə təmin olunub

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib ki, bununla əlaqədar Sincanboyad kəndində açılış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə ADSEA sədrinin müavini İlqar Gülməmmədov, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Agentliyin tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, “Coca-Cola” şirkətinin Avrasiya və Orta Şərq üzrə İctimai Əlaqələr, Kommunikasiya və Davamlılıq üzrə baş direktoru Elşad Fərzəliyev, “Eco Hub” MMC-nin nümayəndələri, Agentliyin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Bildirilib ki, kənddə mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə Şabran şəhərinin mövcud su təchizatı sisteminin imkanlarından istifadə olunmaqla kənddaxili paylayıcı şəbəkə inşa edilib. Layihə çərçivəsində uzunluğu 6 km olan su şəbəkəsi çəkilib və 222 abonent üçün ev birləşməsi təmin edilib. Əhaliyə verilən suyun dəqiq uçotunun aparılması və sudan qənaətlə istifadə məqsədilə bütün abonentlər su sayğacları ilə təchiz olunub.

Qeyd edək ki, Sincanboyad kəndinin əhalisi 830 nəfərdir. Günlük 165 m³ su tələbatı yeni yaradılmış su təchizatı şəbəkəsi vasitəsilə tam təmin olunacaq. Layihə üzrə tələb olunan materialların tədarükü “Coca-Cola” şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilib, tikinti-quraşdırma işləri isə Regional Su Meliorasiya Xidməti tərəfindən icra olunub.

Bununla yanaşı, 2026-cı il ərzində Şabran şəhəri ərazisində Şabrançayda sel və daşqınlar zamanı zərər görmüş su və kanalizasiya şəbəkələrinin bərpası, eləcə də şəhərin tullantı su təmizləyici qurğular kompleksində əsaslı təmir işlərinin aparılması planlaşdırılır. Eyni zamanda 2026–2027-ci illərdə rayonun Qəndov kəndində mövcud su təchizatı sisteminin yenidən qurulması üçün layihə sənədlərinin hazırlanması və tikinti işlərinin icrası nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, Şabran şəhərinin mövcud su təchizatı sistemi Şollar-2 magistral su kəmərləri vasitəsilə təmin olunur. Şəhərdə ümumilikdə 6 872 abonent mövcuddur. Su təsərrüfatı infrastrukturu çərçivəsində uzunluğu 5,2 km olan magistral su kəməri, 150 km daxili paylayıcı şəbəkə, 134 km kanalizasiya xətləri, 3 meydançada yerləşən su anbarları kompleksi, 3 nasos stansiyası və sutkalıq 10 000 m³ gücündə tullantı su təmizləyici qurğular kompleksi istismar olunur. Ümumilikdə rayon üzrə 23 yaşayış məntəqəsində 2 374 abonentə su təchizatı xidməti göstərilir.