Ümid Partiyası qurumun Nərimanov rayonunun “Montin” qəsəbəsindəki ofisində əməliyyat keçirilməsi ilə bağlı məlumata münasibət bildirib.
“İki sahil” xəbər verir ki, partiya yaydığı məlumatda hadisənin ofisdə deyil, küçədə baş verdiyini bildirib.
Qeyd edilib ki, hadisə yanvarın 17-də qeydə alınıb: “Ümid Partiyasından 150 metr məsafədə yerləşən “Şəkərbala” uşaq bağçasının qarşısında axtarışda olan şəxs polis işçiləri tərəfindən saxlanılıb. Xeyli polis işçisinin toplandığı yerə Ümid Partiyasının sədri yaxınlaşıb və hadisənin mahiyyətini soruşub.
Ona cavab olaraq bildirilib ki, axtarışda olan şəxslə bağlı tədbirdir. Sədr polislərə uğurlar arzulayıb və qərargaha dönüb. Ümid Partiyasının qərargahında, sədrin otağında, partiyaya aid ərazidə nə kimsə saxlanılıb, nə də axtarış aparılıb”.
Məlumat üçün bildirək ki, partiyanın ofisində əməliyyat aparılması, Elnur adlı şəxsin partiya sədri İqbal Ağazadənin kabinetində həbs edilməsi ilə bağlı məlumatı Gununsesi.info saytı yaymışdı.