18 yanvar 2026 15:18
143

Respublika fənn olimpiadalarında 48 minə yaxın şagird iştirak edib

Azərbaycanda respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi baş tutub. Olimpiadada VIII-XI siniflər üzrə ümumilikdə 48 minə yaxın şagird iştirak edib.

“İki sahil” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rayon (şəhər) mərhələsi Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya və tarix fənləri üzrə ölkənin bütün şəhər və rayonlarında keçirilib.

Bu mərhələ olimpiadanın ilkin və mühüm seçim mərhələsi olmaqla, şagirdlərin bilik səviyyəsini, məntiqi və analitik düşünmə bacarıqlarını ölçən tapşırıqlardan ibarət olub. Yüksək nəticə göstərən şagirdlər növbəti mərhələ - respublika mərhələsinin yarımfinal turunda iştirak hüququ qazanacaqlar.

Respublika fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərin fənlərə olan marağını gücləndirmək, istedadlı şagirləri aşkar etmək və onların bilik səviyyəsini qiymətləndirməkdir.

Qeyd edək ki, rayon (şəhər) mərhələsinin nəticələri yanvarın 27-dən etibarən elan ediləcək.