17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13) işıqlandırmaq məqsədilə yerli və xarici media nümayəndələrinin akkreditasiyasına start verilib.
“İki sahil” xəbər verir ki, media akkreditasiyası BMT-yə üzv ölkələrdə qanuni qeydiyyatdan keçmiş və etibarlı media qurumlarını təmsil edən peşəkar jurnalistlər üçün nəzərdə tutulur və yalnız UN-Habitat-ın rəsmi onlayn qeydiyyat sistemi - https://events.unhabitat.org/ - vasitəsilə həyata keçirilir.
Elektron və ya adi poçtla göndərilən müraciətlər qəbul edilmir.
Akkreditasiyadan keçmək üçün prosedur aşağıdakı kimidir:
Qeydiyyat portalına daxil olmaq;
“World Urban Forum 13” (WUF13) bölməsini seçmək;
Şəxsi hesab varsa, elektron poçt və şifrə ilə sistemə daxil olmaq, hesab yoxdursa, yenisini yaradıb tərəfdaşlıq növü olaraq “media” kateqoriyasını seçmək;
Tələb olunan sənədləri yükləyərək müraciəti göndərmək.
Müraciətlər diqqətlə nəzərdən keçirildikdən və təsdiqləndikdən sonra akkreditə olunan şəxslərə rəsmi bildiriş məktubu göndəriləcək.
Tələb olunan sənədlər:
Azərbaycan vətəndaşları üçün şəxsiyyət vəsiqəsi və ya pasport. Beynəlxalq media nümayəndələri üçün yalnız pasport;
Peşəkar fəaliyyətini təsdiq edən sənədlərdən biri: etibarlı jurnalist vəsiqəsi və ya müvafiq tələblərə cavab verən xidməti ezamiyyət məktubu;
Son dövrlərdə dərc olunmuş iş nümunələri (linklər və ya PDF formatında);
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən akkreditə olunmuş beynəlxalq media nümayəndələri akkreditasiya kartını da təqdim etməlidirlər;
Sərbəst fəaliyyət göstərən (freelance) media nümayəndələri mütləq müvafiq media qurumunun ezamiyyət məktubunu yükləməlidirlər.
Xidməti ezamiyyət məktubu üzrə tələblər:
Media qurumunun rəsmi blankında hazırlanmalıdır;
UN-Habitat-ın Kommunikasiya şöbəsinin rəhbərinə ünvanlanmalı və [email protected] elektron ünvanına göndərilməlidir;
İngilis dili və ya BMT-nin digər rəsmi dillərindən birində tərtib olunmalıdır;
Səlahiyyətli şəxs tərəfindən imzalanmalıdır (nəşriyyat rəhbəri, baş redaktor və ya xəbər agentliyinin direktoru);
Jurnalistin tam adı, vəzifəsi, ezamiyyət tarixləri və WUF13-ü işıqlandırmaq niyyəti açıq şəkildə göstərilməlidir.
Media təlimatları
WUF13 çərçivəsində fəaliyyət göstərən media nümayəndələri üçün aşağıdakı qaydalar tətbiq olunur:
Tədbir məkanına giriş üçün WUF13 akkreditasiyası kifayətdir; Azərbaycana müvəqqəti gətirilən bütün media avadanlıqları E-gömrük: Elektron Gömrük Xidmətləri portalı - https://e.customs.gov.az/ - vasitəsilə, ölkəyə daxil olmadan ən azı 72 saat əvvəl bəyan edilməlidir;
Ölkəyə giriş zamanı gömrük orqanlarına təqdim olunmalı sənədlər:
Media akkreditasiyasını təsdiq edən məktub;
Qonaqlar üçün sadələşdirilmiş gömrük bəyannaməsi.
Ölkədən çıxış zamanı bu bəyannamə (bəyan edilmiş avadanlıqla birlikdə) gömrük işçilərinə təqdim edilməlidir;
Pilotsuz uçuş aparatlarının (dronların) ölkəyə gətirilməsinə icazə verilmir;
Akkreditə olunmuş yayım şirkətləri radioelektron avadanlıqlar üçün müvəqqəti radiotezlik icazəsi almalıdırlar (ətraflı məlumat sonradan təqdim ediləcək);
İdxal və ixrac qaydaları ilə bağlı ətraflı məlumat Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsində mövcuddur (səyahətçilər üçün ümumi məlumat bölməsi).
Tədbir məkanından kənarda çəkiliş aparmaq üçün müvafiq dövlət qurumlarından əvvəlcədən icazə alınmalıdır. Müraciətlər 15 aprel 2026-cı il tarixinədək [email protected] ünvanına göndərilməlidir.
İctimai yerlərdə (küçələr, meydanlar və s.) foto və video çəkilişinə ümumi icazə verilir. Lakin məkanlara giriş haqqının və digər ödənişlərin əvvəlcədən dəqiqləşdirilməsi media nümayəndələrinin məsuliyyətindədir. Özəl mülklərdə çəkiliş üçün isə müvafiq obyekt rəhbərliyi ilə birbaşa razılaşma tələb olunur.
Əlaqə məlumatları:
Media akkreditasiyası və UN-Habitat nümayəndələri ilə müsahibə üçün [email protected];
Ev sahibi ölkə ilə bağlı sorğular və tədbir məkanından kənar çəkiliş icazələri üçün [email protected];
Yayım avadanlıqları və digər media xidmətləri üçün [email protected];
Əlavə məlumat üçün wuf.unhabitat.org/media səhifələri aktivdir.
Tədbir zamanı media nümayəndələri üçün əsas sessiyalara, yerli hökumət və BMT rəsmiləri ilə mətbuat brifinqlərinə giriş, eləcə də yüksək səviyyəli ekspertlər və rəsmi şəxslərlə müsahibələrin, canlı yayımlar və reportajlar üçün xüsusi media zonalarının təşkili kimi imkanlar yaradılacaq.
Qeyd edək ki, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikası Hökuməti tərəfindən “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda bu il Bakıda təşkil olunacaq WUF13 şəhərlərin layiqli mənzil təminatı, inklüzivlik və iqlim davamlılığı üzrə həll yollarını araşdıracaq.
Bakı Olimpiya Stadionunda keçiriləcək tədbir dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələrini, beynəlxalq təşkilatları, şəhər rəhbərlərini, ekspertləri və media təmsilçilərini bir araya gətirəcək.
Ümumdünya Şəhərsalma Forumu haqqında
2001-ci ildə BMT tərəfindən təsis edilmiş Ümumdünya Şəhərsalma Forumu sürətli urbanizasiyanın şəhərlərə, icmalara, ölkələrə və iqlimə təsirini araşdıran aparıcı qlobal platformadır. Forumun ilk sessiyası 2002-ci ildə Keniyanın Nayrobi şəhərində keçirilmiş və bu günədək dünyanın müxtəlif şəhərlərində sessiyalar təşkil olunur.
BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) haqqında
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Birləşmiş Millətlər Təşkilatının dayanıqlı şəhərsalma üzrə ixtisaslaşmış qurumudur. Proqram 90-dan çox ölkədə fəaliyyət göstərərək, hökumətlərə və icmalara sosial və ekoloji baxımdan dayanıqlı şəhərlər yaratmaqda dəstək verir. UN-Habitat bilik mübadiləsi, siyasi məsləhətlər, texniki yardım və tərəfdaşlıq mexanizmləri vasitəsilə şəhərlərdə transformativ dəyişiklikləri təşviq edir.