16 yanvar 2026 21:00
108

Zelenski: Ukraynada elektrik enerjisi istehlakı 18 QVt səviyyəsində olub

Yanvarın 15-nə olan vəziyyətə görə, Ukraynada elektrik enerjisi istehlakı 18 QVt səviyyəsində olub, sistemin imkanları isə cəmi 11 QVt-dan bir qədər çox təşkil edib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

“Hər zərbədən sonra bərpa işləri aparılır. Gündəlik rejimdə təkcə stansiyalar deyil, həm də idxalın artırılması üçün texniki imkanlar bərpa olunur. Hər gün nəsə bərpa edilir”, - deyə o qeyd edib.

Dövlət başçısı təhlükəsizlik səbəbindən konkret olaraq nəyin və harada bərpa edildiyi barədə danışmayacağını da vurğulayıb.

Qeyd edək ki, son vaxtlar Rusiya qoşunları Ukraynanın müxtəlif bölgələrində enerji obyektlərinə zərbələri gücləndirib. Enerji sahəsində yaranmış ağır vəziyyət və müntəzəm atəşlər fonunda bu sahədə fövqəladə vəziyyətin tətbiqi barədə qərar qəbul edilib.

Energetika Nazirliyinin məlumatına görə, hücumlardan sonra ən mürəkkəb vəziyyət paytaxt ərazisində, eləcə də Odessa vilayətində qalır. Yanvarın 16-na olan vəziyyətə əsasən, Kiyevdə fövqəladə elektrik kəsintiləri tətbiq olunur, bəzi istehlakçılar isə bir həftəyə yaxındır istiliklə təmin olunmurlar.