Azərbaycanın Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır. Bütün keçmiş köçkünlər mərhələ-mərhələ öz dədə-baba torpaqlarına qayıdırlar. işğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir. Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan öz imkanları hesabına həyata keçirir. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Qarabağ və Şərqi Zəngəzurun bərpası və Böyük Qayıdış Proqramı çərçivəsində genişmiqyaslı tədbirlər görülür. Bu ərazilərdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, sosial obyektlərin açılışı və əhalinin doğma torpaqlarına qayıdışı ölkənin daxili resursları hesabına uğurla icra olunur.
Genişmiqyaslı layihələrin uğurla reallaşdırılması sayəsində bu gün Qarabağ və Şərqi Zəngəzur nəhəng tikinti meydanını xatırladır. Sürətlə həyata keçirilən bərpa-quruculuq işlərində əsas məqsədlərdən biri də Dayanıqlı İnkişaf məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək.
Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdacaq sakinlərin ev, iş məsələlərinin həlli ilə yanaşı, təhsil almaq hüququnun təmin edilməsinə də ciddi fikir verilir. Ona görə də Qarabağ və işğaldan azad olunmuş digər ərazilərdə müxtəlif təhsil ocaqlarının yaradılması da mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri hesab olunur. 2023-cü il noyabrın 28-də Prezident İlham Əliyevin “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalaması bu istiqamətdə atılan ən önəmli addımlardan biri kimi yadda qaldı. Sərəncama əsasən, Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb. Sənəddə qeyd edilir ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, həmin bölgələrin yenidən qurulması, dayanıqlı inkişafı və yüksək həyat səviyyəsinin təminatı üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Zəruri tədbirlərdən biri də Qarabağ Universitetinin yaradılmasıdır. Qarabağda yüksək ixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili azadlığına qovuşmuş ərazilərin iqtisadi potensialı, eləcə də əmək bazarının tələbləri baxımından son dərəcə vacibdir.
Prezident İlham Əliyev Böyük Qayıdışa dair Birinci Dövlət Proqramının icrasını qiymətləndirərək işğaldan azad edilən ərazilərin Azərbaycanın iqtisadi zəncirinə cəlb olunması üçün yeni institusional addımların atılması məsələsinə toxunub. Bildirb ki, ilk növbədə bu bölgələr arasında bağlantılar yaradılmalı idi. Çünki işğal dövründə oradakı vəziyyət acınacaqlı idi: “Siz hamınız - Azərbaycan vətəndaşları o bölgələrdə olarkən, xüsusilə işğaldan azad ediləndən sonrakı ilk aylar ərzində görürdük ki, vəziyyət çox acınacaqlı idi. Hətta mən özüm də dəfələrlə orada olarkən özümə sual verirdim: bəs bu qədər milyonlar, yüz milyonlarla telemarafonlar, - ermənilər hər il yüz milyonlarla pul yığırdılar, - bu pul hara gedirdi? Mən onu orada görmədim. Ancaq bəlkə də orada separatçıların villalarını saymaq olar, amma nə ictimai binalar, nə də hansısa yaşayış binaları var idi. Faktiki olaraq, orada həyat sanki XX əsrin 70-ci illərində dayanıb. Məndə belə təəssürat var idi. Mən 1970-ci illərdə dəfələrlə Azərbaycanın bölgələrində olmuşam və sanki o xatirələr qayıtmış oldu”.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda şəhərlərin, kənd və qəsəbələrin bütün infrastrukturu-su, kanalizasiya xətləri, elektrik enerjisi sistemi, yollar yenidən qurulur. Dövlət başçısının tapşırığının icrası ilə gündən-günə sürətlənən bərpa-quruculuq işlərinin sayəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qovuşurlar. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq respublikamızın müxtəlif ərazilərindəki yataqxanalarda, sanatoriyalarda, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanları davamlı olaraq ata-baba yurdlarına yola salınırlar.
Artıq 5-ci ildir ki, Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri uğurla davam edir. İşğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir. Fond tarixi və dini abidələrin, məscidlərin bərpası ilə bağlı layihələr həyata keçirir. 2026-cı ilin sonunadək Böyük Qayıdış Proqramının I mərhələsinin tamamlanacağı və bu mərhələdə 140 min keçmiş məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır.
Zahid Rza, “İki sahil”