16 yanvar 2026 22:58
112

Qanlı və şanlı tariximiz - 20 Yanvar

Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə həmdə qəhrəmanlıq səhifəsi kimi yaşadı. O müdhiş gecə Azərbaycan xalqı sınağa çəkildi. 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırım, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən işğal olunması, nəticədə ölkə ərazisinin 125 min kvadrat kilometrdən 87 min kvadrat kilometrədək azalması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq səlnaməsinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

1990-cı il yanvarın 19-da “Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında” fərmanın imzalanması o zamankı SSRİ rəhbəri M.Qarboçovun göstərişi və azərbaycanın səriştəsiz rəhbərlərinin  razılığı ilə Bakıya qoşun yeridilməsi, ölkənin informasiya blokadasına almaq  və xalqın haqq səsini boğmaq üçün respublika televizisiyasının enerji blokunun partladılması, qəzet və jurnalların nəşrinə qadağa qoyulması ermənipərəst mərkəz tərəfindən Azərbaycan xalqına qarşı aparılan mənəvi, siyasi təcavüz və terror idi.

Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı.  Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları dağıdılmış, yandırıcı güllələrin törətdiyi  yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlərdə var idi. Azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı olan bu cinayət və yüzlərlə günahsız insanın qətlə yetirilməsi sovet rejiminin cinayətkar mahiyyətini bir daha bütün dünyaya göstərdi. Xalqımıza qarşı törədilən bu cinayət həm də bəşəriyyət və insanlıq əleyhinə olan dəhşətli əməldir.

Düz 36 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bu tarix Azərbaycan xalqının əyilməz bir xalq olduğunu, müstəqilliyi pay olaraq deyil, haqq olaraq aldığını sübut edir. 1990-cı il yanvarın 19-dan 20-nə keçen gecə törədilən faciə istiqlaliyyət, suverenlik, müstəqillik uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqının apardığı mücadilənin unudulmaz səhifəsidir.

Bu gün Şəhidlərin ruhları  şaddır. Çünki qanları yerdə qalmayıb. Çünki azadlığı, müstəqilliyi uğrunda canını fəda etdiyi ölkə bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır.

Bugünkü tarixi gerçəklik bir daha sübut edir ki, 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, kədərlə xatırlanacaq gün deyil , həm də bizim üçün şan və şərəf, milli qürur günüdür.

Lalə Mədətova,
YAP Kəngərli rayon təşkilatının məsləhətçisi