Ölkə başçısının Ağdərəyə, eləcə də işğaldan azad olunmuş digər rayonlarımıza səfəri böyük qayıdışın növbəti periodlarına böyük stimul verir. Ölkə başçısının Ağdərədə səsləndirdiyi fikirlər, verdiyi mesajlar siyasi, iqtisadi, eyni zamanda milli dirçəliş prosesinin aydın şəkildə davamı və əyani təcəssümüdür.
İndiyədək Qarabağ və Şərqi Zəngəzurun bərpasına 25 milyard manatdan artıq vəsait yönəldilib ki, bu da Azərbaycanın iqtisadi gücünün və dövlətin bu ərazilərə göstərdiyi xüsusi diqqətin bariz göstəricisidir. Bu, dünyanın nadir təcrübələrindən biridir.
Müharibədən çıxmış, tamamilə dağıdılmış bir ərazinin qısa müddətdə bu templə bərpa olunması əsl möcüzədir. Qarabağda aparılan yenidənqurma işləri Azərbaycan dövlətinin siyasi və iqtisadi gücünün əyani göstəricisidir. Ağdərə rayonu gələcəkdə Azərbaycanda regional turizmin inkişafına böyük töhfələr verəcək.
Bu rayon kənd təsərrüfatı rayonu kimi qeyri-neft sektorunun inkişafında önəmli rol oynayacaq. Bunun üçün real imkanlar da mövcuddur. Çünki Sərsəng su anbarı və digər hidro resurslar buna imkan verir. Üstəlik, ölkəmizin iqtisadi gücü də buna imkan yaradır. Bir sözlə, regionda davam edən münaqişələr və dağıntılar fonunda Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı quruculuq siyasəti beynəlxalq ictimaiyyət üçün nümunə ola bilər. Digər tərəfdən, Orta Dəhlizin mühüm komponentlərindən biri olan Zəngəzur dəhlizinin (TRIPP) Qarabağ və Şərqi Zəngəzurdan keçməsi, yeni hava limanlarının açılması, dəmir yolu xətlərinin çəkilməsi bu regionun beynəlxalq nəqliyyat və kommunikasiya xəritəsində strateji mövqeyini daha da möhkəmləndirir.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Qarabağ və Şərqi Zəngəzur təkcə bərpa olunan ərazilər deyil, eyni zamanda Azərbaycanın gələcək inkişafını təmin edən əsas geoiqtisadi və geostrateji mərkəzlərdən birinə çevrilir.
Prezident İlham Əliyevin Ağdərə və Tərtər rayonlarına son səfəri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış konsepsiyasının nəticələrini praktik icra müstəvisində göstərən mühüm siyasi hadisədir. Bu səfər postmünaqişə dövrünə dair dövlət baxışının konkret layihələr, real nəticələr və ölçülə bilən göstəricilər üzərindən formalaşdırıldığını aydın şəkildə ortaya qoyur.
Böyük Qayıdış prosesinin sosial-iqtisadi mahiyyəti Ağdərədə fəaliyyət göstərən “Dəmirli” Filiz Emalı Kompleksinin timsalında da aydın şəkildə görünür. Yeni iş yerlərinin yaradılması, doğma torpaqlarına qayıdan vətəndaşların istehsal proseslərinə cəlb olunması bu prosesin yalnız məskunlaşma ilə məhdudlaşmadığını, eyni zamanda iqtisadi inteqrasiya üzərində qurulduğunu göstərir.
Bu kontekstdə Ağdərənin Baş planının təqdim olunması xüsusi əhəmiyyət kəsb edir. Baş planda 20 illik perspektivdə 14 min nəfərlik əhali hədəfinin müəyyən edilməsi şəhərin uzunmüddətli və dinamik inkişafına hesablanmış strateji baxışın mövcudluğunu göstərir. Beləliklə, Ağdərə regional mərkəz funksiyasını daşıyan, iqtisadi və sosial baxımdan cəlbedici bir məkan kimi formalaşdırılır. Görülən və planlaşdırılan işlər Ağdərənin regional inkişafın mühüm dayaqlarından birinə çevrilməsinə möhkəm zəmin yaradır.
Bu günədək Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində görülən işlər Azərbaycanın iqtisadi gücünün və siyasi iradəsinin göstəricisidir.
Tamamilə dağıdılmış ərazilərdə qısa bir müddətdə belə genişmiqyaslı quruculuq işlərinin aparılması beynəlxalq miqyasda nadir təcrübə kimi qiymətləndirilə bilər. Regionun Orta Dəhliz, Zəngəzur dəhlizi, yeni hava limanları, dəmir yolu və avtomobil magistralları vasitəsilə beynəlxalq nəqliyyat və kommunikasiya şəbəkəsinə inteqrasiyası Qarabağ və Şərqi Zəngəzurun geoiqtisadi və geostrateji əhəmiyyətini daha da artırır.
İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri dövlət siyasətinin əsas prioritetlərindən biri kimi Prezident İlham Əliyevin birbaşa tapşırıqları və şəxsi nəzarəti altında icra olunur. Qarabağ və Şərqi Zəngəzurda layihələrin yüksək icra intizamı ilə və qısa müddətdə reallaşdırılması məhz bu yanaşmanın nəticəsidir. Ağdərə və Tərtərə səfər zamanı görülən işlər prosesin planlı və sistemli xarakter daşıdığını bir daha təsdiqləyir.
Elçin Quliyev,
YAP Nərimanov rayon təşkilatının sədri