Azərbaycana qarşı ikili standart tətbiq edən təşkilatlar, düşünürəm ki, ilk növbədə, öz ölkələrində baş verən ədalətsizliklərə diqqət yetirməlidirlər. Bu, daha ədalətli və obyektiv mövqenin formalaşmasına xidmət edər. Bakı Təşəbbüs Qrupunun fəaliyyəti artıq real və konkret nəticələr verir. Bildiyiniz kimi, kolonial və neokolonial siyasətlərə qarşı apardığımız mübarizəyə beynəlxalq dəstək qazanmışıq. Həmçinin dekolonizasiya prosesinə mühüm töhfələr vermişik.
“İki sahil” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov söyləyib.
O bildirib ki, BTQ yerli xalqların hüquqlarının qorunması sahəsində, o cümlədən Yeni Kaledoniya və digər dənizaşırı ərazilərlə bağlı müəyyən nailiyyətlər əldə edib.
“Yerli xalqlara həsr olunmuş yeni beynəlxalq tədbirlər və nəşrlər planlaşdırılır. Artıq təşkilatımız beynəlxalq siyasətdə nüfuz qazanan qeyri-hökumət təşkilatına çevrilib. Bakı Təşəbbüs Qrupu bundan sonra da insan hüquqlarının qorunması istiqamətində fəaliyyətini davam etdirəcək", - deyə A.Abbasov vurğulayıb.