16 yanvar 2026 10:52
203

Güney Azərbaycan folkloru seriyasının XVIII kitabı: “Koroğlu” dastanının qolları nəşr edilib

AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə Güney Azərbaycan folkloru seriyasının XVIII kitabı - “Koroğlu” dastanının qolları nəşr olunub.

“İki sahil” xəbər verir ki, institutun verdiyi məlumatda belə deyilib. Bildirilib ki, kitabda Güney Azərbaycanın müxtəlif aşıq mühitlərindən toplanmış “Koroğlu” dastanının ayrı-ayrı qolları sistemli şəkildə bir araya gətirilib. Bəlli olduğu kimi, geniş coğrafiyada yayılmış, çoxsaylı variant və versiyalara malik olan bu epos həm qəhrəmanlıq, həm də məhəbbət motivlərini özündə birləşdirir. Kitabda Təbriz-Qaradağ, Urmiya, Savə-Qum, Şahsevən və digər aşıq mühitlərini təmsil edən ustad aşıqların repertuarından yazıya alınmış dastan nümunələri yer alıb.

“Koroğlu” dastanı Güney Azərbaycan folklor mühitində xüsusilə geniş yayılıb, dastanla bağlı ilk yazılı qeydlər də məhz bu ərazilərdə aparılıb. Dastanın yaranma tarixi XVI əsrə aid edilsə də, mətnlərin toplanılmasına XVII–XVIII əsrlərdən başlanılıb. 1721-ci ildə Təbrizdə aşıqlardan toplanaraq “Nəğmələr kitabı”na daxil edilən 13 qoşma və XIX əsrin əvvəllərində Əndəlib Qaracadağinin “Şeirlər məcmuəsi”ndə yer alan nümunələr “Koroğlu” irsinin ilkin yazılı mənbələri kimi mühüm əhəmiyyət kəsb edir.

XIX əsrdə şərqşünas alim Aleksandr Xodzkonun fəaliyyəti “Koroğlu” dastanının Cənubi Azərbaycan variantlarının elmi şəkildə toplanması və Avropada tanıdılması baxımından mühüm mərhələ olub, Paris və Tiflis əlyazmaları elmi dövriyyəyə daxil edilib. XX əsrdə Quzey Azərbaycanda dastanın toplanması və tədqiqi sistemli xarakter alıb, Güney Azərbaycanda isə bu proses əsasən XX əsrin ikinci yarısından etibarən mümkün olub. Tarixi-siyasi məhdudiyyətlərə baxmayaraq, sonrakı dövrdə Güney Azərbaycanda aşıq məclislərindən “Koroğlu” dastanının müxtəlif qollarının toplanması, öyrənilməsi və nəşri istiqamətində mühüm işlər görülüb.

Qeyd edək ki, “Koroğlu” dastanının əlyazmaları ilə yanaşı, dastanın qolları və ona bağlı havalar Güney Azərbaycan aşıqlarının repertuarında xüsusilə geniş yayılıb, toy-məclislərdə ifa olunmaqla aşıq sənəti davamçılarının saz-söz ənənəsində improvizasiyalarla zənginləşərək günümüzə qədər gəlib çatıb. Müasir dövrdə dastanın qolları və havaları müxtəlif aşıq mühitlərinə görə fərqlənir. Belə ki, Savə, Qum, Tehran, Kərəc, Həmədan, Ərak, Qaradağ, Urmiya və Qəzvin mahallarında formalaşmış aşıq musiqi məktəbləri, əsasən şahsevən aşıqları tərəfindən təmsil olunan zəngin repertuarı ilə seçilir. Təsadüfi deyildir ki, Qarağan, Zərəndiyə, Xəlicistan, Şəhriyar, Sultanabad, Gərus, Kəröyüz, Komican və digər bölgələrdən olan aşıqlar bu mühitlərin formalaşmasında mühüm rol oynayıb. Şahsevən aşıqlarının repertuarında “Telli xanım”, “Dəli Eyvaz”, “Cəfər paşa”, “Keçəl Həmzə”, “Durna xanım”, “Dəmirçioğlu”, “İstanbul dastanı” (“İstanbul səfəri”), “Koroğlunun qocalığı” və digər qollar geniş yayılıb.

Urmiya aşıq mühitində “Aşıq Cünun səfəri”, “Eyvazın gətirilməsi səfəri”, “Koroğlunun Bağdad, Dərbənd, Ərzurum, İstanbul, Tarcan, Toğat və Türkmən səfərləri”, Təbriz-Qaradağ aşıq repertuarında isə “Dəmirçioğlu”, “Bolu bəy”, “Dərbənd”, “Ərzurum”, “İstanbul”, “Bağdad”, “Rum”, “Tərcan”, “Aşıq Cünun” və “Koroğlunun qocalığı” qolları xüsusi yer tutur.

Folklor İnstitutu tərəfindən Güney Azərbaycan folkloru seriyasının XVIII cildi kimi nəşr olunan kitabda isə “Alı kişinin Təbriz səfəri”, “Koroğlunun İstanbul səfəri” (Nigar xanımın Çənlibelə gətirilməsi), “Koroğlunun Dağıstan səfəri” (Möminə xanımın Çənlibelə gətirilməsi), “Koroğlunun Türkmən səfəri”nin iki variantı, “Koroğlunun Mehtər (Bolu) qolu”, “Giziroğlu Mustafa bəy”, “Koroğlunun qocalığı” və “Cəngi Koroğlu” kimi əsas qollar sistemli şəkildə təqdim olunaraq Güney Azərbaycan aşıq ənənəsinin zənginliyi və çoxçeşidliliyi bütöv bir şəkildə nümayiş etdirilir.

Kitabda filologiya elmləri doktoru, dosent Mətanət Abbasova tərəfindən “Koroğlu” dastanının Güney Azərbaycan folklor mühitində yayılma arealı, tarixi inkişaf mərhələləri, variant və versiyaları elmi baxımdan təhlil olunub. Eyni zamanda, dastanla bağlı aşıq havaları, musiqi ənənələri və sinkretik folklor xüsusiyyətləri də geniş şəkildə işıqlandırılıb.

Kitabın layihə rəhbəri filologiya elmləri doktoru Hikmət Quliyev, tərtibçisi filologiya elmləri doktoru, dosent Mətanət Abbasova, redaktoru isə Lalə Şabanovadır. Səsli folklor materiallarının mətnə köçürülməsində Lalə Şabanova, Leyla Aşurova və Səadət İbrahimli iştirak ediblər.

Nəşr folklorşünaslar, türkologiya və ədəbiyyat tədqiqatçıları, ali məktəb müəllimləri və tələbələri, eləcə də Azərbaycan şifahi xalq yaradıcılığına maraq göstərən geniş oxucu auditoriyası üçün dəyərli elmi mənbədir.