15 yanvar 2026 19:46
112

Azərbaycan və Pakistan parlamentarilərinin onlayn görüşü keçirilib

Yanvarın 15-də Milli Məclisin Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kəmaləddin Qafarov və Pakistan Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun rəhbəri Syed Raza Əli Gillani arasında videokonfrans formatında görüş keçirilib.

“İki sahil” xəbər verir ki, Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə Kəmaləddin Qafarov dövlətlərimiz arasındakı qarşılıqlı əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini, Prezident İlham Əliyevin ölkələrimiz arasında strateji əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini vurğulayıb. Qeyd olunub ki, 2025-ci il noyabrın 8-də Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda Pakistanın Baş nazirinin iştirakı ölkələrimiz arasında mövcud qardaşlıq münasibətlərinin bariz nümunəsi olub. Bildirilib ki, Azərbaycan və Pakistan arasında parlamentlərarası, siyasi və iqtisadi sahələrlə yanaşı, dövlət xidmətləri istiqamətində də səmərəli əməkdaşlıq mövcuddur. Pakistanda “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlaması bu sahədə uğurlu tərəfdaşlığın göstəricisi kimi dəyərləndirilib.

Pakistanlı parlamentari Syed Raza Əli Gillani Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirakını məmnuniyyətlə xatırladıb. Bildirilib ki, dövlətlərimiz arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələr mühüm rol oynayır və bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur.

Onlayn görüşdə iştirak edən Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Elşən Musayev, Ceyhun Məmmədov, Arzu Nağıyev, Azərbaycanla dostluq qrupunun üzvləri Sehar Kamran, Syeda Amnah Batool, Muhammad Moin Aamer Pirzada, eləcə də hər iki ölkənin səfirləri Qasım Mohiuddin və Xəzər Fərhadov ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri barədə fikirlərini bölüşüblər.