Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan-Avropa İttifaqı (Aİ) əməkdaşlığının cari vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.
Azərbaycan və Aİ arasında siyasi, iqtisadi, nəqliyyat, enerji təhlükəsizliyi və s. istiqamətlər üzrə əməkdaşlıq məsələləri, əməkdaşlıq platformaları və alətləri üzrə əldə edilmiş razılıqlar, habelə növbəti addımlar nəzərdən keçirilib.
Nazir Ceyhun Bayramov, öz növbəsində, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi üzrə əldə olunan irəliləyişlər və perspektivlər barədə məlumat verib, ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycanla Ermənistan arasında normallaşma prosesi çərçivəsində atılan addımlar, etimad quruculuğu tədbirləri təqdir olunub.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sayt və sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik hərəkətləri qadağan edilib