Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 12 yanvar 2026-cı il tarixdə təsdiqlənmiş 2026-2035-ci illər üçün “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı” ölkənin su təminatı və kommunal infrastruktur siyasətində önəmli dönüş nöqtəsidir.
Dövlət Proqramının əsas məqsədi su təchizatı, yağış suları və tullantı suları infrastrukturunun bütünlüklə yenilənməsi və təkmilləşdirilməsidir. Bu çərçivədə əsas hədəflər - Baku və Abşeron yarımadasında dayanıqlı və fasiləsiz içməli su təchizatını təmin etmək, yağış suları sistemlərinin modernləşdirilməsi ilə leysan və şiddətli yağış nəticəsində baş verə biləcək subasma risklərini azaltmaq, tullantı sularının toplanması və təmizlənməsi sistemlərini yeniləyərək ətraf mühitin qorunmasına töhfə vermək və su itkilərini azaltmaq və müasir nəzarət sistemləri vasitəsilə resursların idarə olunmasını optimallaşdırmaqdır.
Dövlət Proqramı paytaxt Bakı, Abşeron yarımadası, eləcə də Sumqayıt və bir çox ətraf kənd-qəsəbəni əhatə edir və 2035-ci ilə qədər icra olunmalıdır. Proqramın icrası üçün maliyyə mənbələri müəyyən edilib. Bu, iki mənbədən maliyyələşəcək, həm dövlət büdcəsi hesabına, həm də xarici kreditlər hesabına. Proqram çox geniş və çox konkretdir.
Proqramın icrası nəticəsində 30-a yaxın yeni su anbarları tikilməlidir, həmçinin sayğaclaşdırma 100 faizə çatdırılmalıdır. Bu gün fasiləsiz içməli su ilə təmin olunan əhali 70 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatacaq. Bakının, Sumqayıtın, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq. 200 kilometrdən çox magistral kanallar və bir o qədər paylayıcı şəbəkə tikiləcək və yenidən qurulacaq.
Qeyd olunan Dövlət proqramının bir çox strateji əhəmiyyəti vardır. Belə ki, Azərbaycanın böyük şəhərlərində, xüsusilə Bakı və Abşeron yarımadasında əhali sayı və sənaye fəaliyyətinin artması su tələbatını kəskin şəkildə yüksəldir. Bu səbəbdən ölkənin davamlı inkişaf perspektivində su təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin prioritetlərindən biridir. Dövlət Proqramı ilə suyun fasiləsiz verilməsi təmin edilərək əhalinin həyat keyfiyyəti yüksəldiləcəkdir.
Həmçinin, Proqram su təminatının gücləndirilməsi ilə birbaşa olaraq sosial rifahın yüksəldilməsinə və iqtisadi artıma dəstək verəcəkdir. Keyfiyyətli və etibarlı içməli su şəhərətrafı və kənd ərazilərində yaşayanlar üçün həyat səviyyəsini yüksəldir, eyni zamanda sənaye və tikinti sektorlarında fəaliyyət üçün əlverişli mühit yaradır. Tullantı sularının tam şəkildə toplanıb müasir standartlara uyğun təmizlənməsi Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşmasına töhfə verəcəkdir. Bundan başqa, yağış suları sistemlərinin təkmilləşdirilməsi subasma və eroziya risklərini azaldacaq ki, bu da şəhər infrastrukturunun davamlılığını artırır.
İçməli su və suvarma layihələri də hər zaman insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Bu gün əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilmişdir və bu proses davam etdirilir. Ölkəmizdə son 20 il ərzində dörd böyük su anbarı inşa edilmiş və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur.
Azad edilmiş ərazilərdə içməli su və suvarma layihələrini icra edilir. Son 5 il ərzində bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib. “Sərsəng” su anbarı nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdə ən böyük su anbarlarından biridir. Bu gün isə “Suqovuşan” su anbarı, “Sərsəng” su anbarı tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda - Füzuli rayonunda “Köndələnçay” - 3 su anbarı və Ağdam rayonunda “Xaçınçay” su anbarı yenidən qurulub.
Beləliklə, 2026-2035-ci illər üçün “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı” Azərbaycanın ölkə miqyaslı infrastruktur siyasətində əsaslı dönüşdür. Su təminatının davamlılığını təmin etməklə, ətraf mühitin qorunmasını gücləndirərək, sosial rifahı yüksəldərək və iqtisadi inkişafı dəstəkləyərək, proqram ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm sütunlarından biridir.
Pərvanə Vəliyeva,
Milli Məclisin deputatı