15 yanvar 2026 14:42
109

Şahbaz Şərif İlham Əliyevə təşəkkür edib

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ölkəsində ilk "ASAN xidmət" mərkəzinin açılışına dəstək verdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

“İki sahil” Pakistan mediasına istinadən xəbər verir ki, Baş nazir bunu bu gün mərkəzin açılış mərasimində deyib.

Hökumət başçısı "ASAN xidmət"i vətəndaşyönümlü idarəetmə, dövlət xidmətlərinin keyfiyyətinin artırılması və biznes fəaliyyətinin sadələşdirilməsi istiqamətində mühüm addım adlandırıb.

Onun sözlərinə görə, mərkəz Milli Məlumat Bazası və Qeydiyyat İdarəsi (NADRA), Xarici İşlər Nazirliyi, polis, Federal Vergi İdarəsi və digər qurumlar da daxil olmaqla bir sıra dövlət strukturlarını bir mərkəzdə birləşdirir ki, bu da xidmətləri effektiv, şəffaf və vətəndaşlar üçün rahat formada təqdim etməyə imkan verir.

Ş.Şərif qeyd edib ki, Pakistan mərkəzinin əməkdaşları Azərbaycanda təcrübəli təlimçilərin rəhbərliyi altında ixtisaslaşdırılmış təlim keçiblər. O əlavə edib ki, nəzakət, peşəkarlıq və xeyirxahlıq dövlət xidmətinin standartına çevrilməlidir.