14 yanvar 2026 23:56
114

Danimarka Qrenlandiyaya qabaqcıl hərbi bölmələr göndərir

Danimarka Qrenlandiyaya hərbçilər yerləşdirməyə başlayıb, bunun ardınca NATO müttəfiqləri tərəfindən dəstək göndərilməsi gözlənilir.

“İki sahil” xəbər verir ki, bu barədə "Euractiv" portalı yerli KİV-ə istinadən məlumat yayıb.

"Danimarka silahlı qüvvələrinin qabaqcıl bölməsi artıq Qrenlandiyaya çatıb ki, daha böyük bölmələrin mümkün yerləşdirilməsi üçün zəmin yaratsın", - portal "DR" teleradio şirkətinə istinadən məlumat verib

Qrenlandiya və Danimarka hakimiyyətləri adada hərbi mövcudluğu genişləndirəcəklərini və 2026-cı il boyu müttəfiqlərlə təlimlər keçirməyə davam edəcəklərini elan ediblər.

"Qrenlandiya sakinləri daha çox hərbi təyyarə, qoşun və gəmi, o cümlədən NATO müttəfiqlərini görməyə hazır olmalıdırlar", - portal Qrenlandiya hökumətinin saytında dərc olunmuş bəyanata istinadən məlumat verib.

Bu gün həmçinin İsveç də hərbi personalının bir hissəsini adaya göndərdiyini təsdiqləyib.

"Məhz Danimarkanın xahişi ilə İsveç Silahlı Qüvvələrindən personal göndərir", - İsveç Baş naziri Ulf Kristersson sosial şəbəkələrdə yazıb və əlavə edib ki, onlar bir neçə müttəfiq ölkədən ibarət qüvvələr qrupunun bir hissəsidir.

Kopenhagenin atdığı bu addımlar Qrenlandiya, Danimarka və ABŞ liderlərinin həlledici görüşü ərəfəsində Vaşinqtonla gərginliyin artması fonunda baş verir.

Daha əvvəl yanvarda ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, Vaşinqton istənilən yolla Qrenlandiya üzərində nəzarəti əldə edəcək. "Əgər bunu yaxşı yolla etmək mümkün olsa, əla olar. Əgər olmasa, onda biz bunu daha sərt yolla edəcəyik", - o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.