14 yanvar 2026 22:50
109

Milli kimlik və dil: Azərbaycan dilinin qloballaşan dünyada təhlükəsizliyi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan dili məsələsinə xüsusi diqqət ayırması bu mövzunun dövlət və cəmiyyət üçün nə qədər mühüm olduğunu bir daha göstərdi. Prezidentin səsləndirdiyi fikirlər müasir dövrdə ana dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində ciddi mesaj xarakteri daşıyır. Dövlət başçısı vurğuladı ki, Azərbaycan dili milləti birləşdirən əsas amillərdən biridir. Tarix boyu xalqımız müxtəlif siyasi və ideoloji təsirlərə məruz qalsa da, öz dilini qoruyub saxlamış, onu milli kimliyinin əsas dayağına çevirmişdir. Məhz bu amil Azərbaycan xalqının milli varlığını bu günə qədər yaşatmağa imkan verib. Prezident İlham Əliyev müsahibəsində qeyd etdi ki, müstəqil dövlət üçün dövlət dili məsələsi sadəcə mədəni deyil, eyni zamanda strateji əhəmiyyət daşıyır. Azərbaycan dili Konstitusiya ilə dövlət dili kimi təsbit edilib və onun bütün sahələrdə düzgün tətbiqi vacibdir. Rəsmi sənədlərdə, təhsil müəssisələrində, mediada və gündəlik ünsiyyətdə ana dilimizin ədəbi normalarına əməl olunmalıdır.

Müsahibədə xüsusi diqqət çəkən məqamlardan biri də xarici sözlərin həddindən artıq istifadəsi ilə bağlı oldu. Prezident bildirdi ki, xarici dilləri bilmək müasir dövrün tələbidir, lakin bu, ana dilinə laqeyd münasibətə çevrilməməlidir. Lazımsız alınma sözlər Azərbaycan dilinin saflığını pozur və dil mədəniyyətinə mənfi təsir göstərir.

Prezident İlham Əliyev media nümayəndələrinin Azərbaycan dilinin qorunmasında xüsusi rol oynadığını da vurğulamışdır. Televiziya, radio, xəbər saytları və sosial media platformaları geniş auditoriyaya təsir imkanına malikdir. Bu səbəbdən ədəbi dil normalarına əməl olunması, düzgün tələffüz və savadlı nitq ictimai şüurun formalaşmasında həlledici amildir. Dövlət başçısı jurnalistləri və aparıcıları ana dilinə daha həssas yanaşmağa çağırmışdır. Belə ki, televiziya və mətbuat cəmiyyətə nümunə olmalı, düzgün və səlis Azərbaycan dilinin təbliğinə xidmət etməlidir.

Dövlət başçısı əsasən ziyalıların bu məsələdə xüsusi məsuliyyət daşıdığını vurğuladı. Eyni zamanda gənc nəslin dilə münasibətinin formalaşmasında təhsil sisteminin rolu da ön plana çəkildi.

Prezident İlham Əliyev müsahibəsində xarici dillərin öyrənilməsinin vacibliyini inkar etmədən, ana dilinə laqeyd münasibəti kəskin tənqid etmişdir. Onun fikrincə, bir neçə dil bilmək üstünlükdür, lakin bu, Azərbaycan dilinin kölgədə qalması hesabına olmamalıdır. Son illərdə məişətdə, mediada və sosial şəbəkələrdə lazımsız xarici sözlərdən həddindən artıq istifadə edilməsi dilin saflığına mənfi təsir göstərir. Dövlət başçısı bu tendensiyanın qarşısının alınmasını cəmiyyətin ümumi vəzifəsi kimi dəyərləndirmişdir.

Müsahibədə dolayısı ilə toxunulan əsas məsələlərdən biri də təhsil sahəsində ana dilinin mövqeyidir. Məktəblərdə və ali təhsil müəssisələrində Azərbaycan dilinin yüksək səviyyədə tədrisi milli şüurun formalaşmasında mühüm rol oynayır. Dil qaydalarının düzgün öyrədilməsi, şifahi və yazılı nitqin inkişaf etdirilməsi gələcək nəsillərin milli dəyərlərə bağlı yetişməsinə zəmin yaradır. Prezidentin yanaşmasına görə, müəllimlər və təhsil müəssisələri bu prosesdə xüsusi məsuliyyət daşıyır.

Dövlət başçısı xaricdə yaşayan azərbaycanlıların ana dilini unutmamasının vacibliyini də qeyd etdi. Prezidentin fikrincə, Azərbaycan dili diaspor üzvlərinin Vətənlə mənəvi bağını qoruyan əsas vasitədir və bu istiqamətdə görülən işlər davam etdirilməlidir. Prezident İlham Əliyev telejurnalist Mirşahin Ağayevin verdiyi sualı cavabalandırarkən bir məsələni xüsusi qeyd edir: “Əgər biz müstəmləkəçilik illərində dilimizi qoruya bilmişiksə və bizim əcdadlarımız onu bizə əmanət veriblərsə, necə ola bilər ki, biz bu gün bu dilimizi qorumayaq? Bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr - onlar dilimizi zənginləşdirmir və o kəlmələri istifadə edənləri daha ağıllı etmir. Çox dil bilmək yaxşıdır, mən də onun tərəfdarıyam. Amma sən xarici dillərdə lazım olan vaxtda danış, biz öz dilimizi qorumalıyıq. Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də özümüz heç buna fikir vermirik, damcı-damcı sarsıdır. Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu mən tam əminliklə deyirəm və hamını bu mübarizəyə dəvət edirəm”.

Nəticə etibarilə, Prezidentin müsahibəsində səsləndirilən fikirlər göstərir ki, Azərbaycan dilinin qorunması və inkişafı ümummilli məsələdir. Qloballaşmanın sürətləndiyi, informasiya axınlarının sərhədsizləşdiyi müasir dövrdə ana dilinin qorunması və inkişaf etdirilməsi hər bir dövlət üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, milli kimliyin, tarixi yaddaşın və müstəqil dövlətçiliyin təməl sütunlarından biridir. Ana dilinə hörmət milli kimliyə, dövlətçiliyə və gələcək nəsillərə hörmət deməkdir. Bu məsuliyyəti dərk etmək və dilimizi qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur.

Zülfiyyə İsmayıl,

Filologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA Naxçıvan Bölməsi