13 yanvar 2026 21:17
98

Bakı və Abşeronun su təhlükəsizliyində YENİ DÖVR BAŞLAYIR

Son iyirmi ildə Azərbaycan ardıcıl və məqsədyönlü şəkildə həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələri nəticəsində yalnız daxili tələbatını tam təmin etməklə kifayətlənməyib, eyni zamanda, regionun aparıcı və etibarlı dövlətinə çevrilib. Elektrik enerjisi və təbii qaz kimi strateji əhəmiyyət daşıyan sahələrdə əldə olunan tam təminat ölkənin dayanıqlı inkişaf modelinin uğurunu açıq şəkildə nümayiş etdirir. Bu inkişaf strategiyasının məntiqi davamı kimi indi daha bir həyati məsələ - su təhlükəsizliyinin təmin edilməsi prioritet istiqamətə çevrilib.

Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Müşavirədə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatını, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsini nəzərdə tutan, 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramı müzakirə olunub. Dövlətimizin başçısı çıxışında vurğulayıb ki, ölkə artıq əsas infrastruktur çağırışlarını, o cümlədən enerji generasiya güclərinin formalaşdırılmasını tələbatdan artıq səviyyədə həll edib. Qarşıda duran əsas hədəf isə paytaxtda və ətraf qəsəbələrdə uzun illərdir mövcud olan su problemlərini qabaqcıl texnologiyalar və kompleks yanaşma əsasında köklü şəkildə aradan qaldırmaqdır: “Bizim məqsədimiz isə əhalini və sənayeni, kənd təsərrüfatını dayanıqlı su ilə təmin etməkdir, su mənbələrini qorumaqdır, su anbarlarının potensialını artırmaqdır, uçotu tam yaratmaqdır və mövsüm gələndə suları yığmaqdır ki, sonra il boyunca onlardan istifadə edək.

Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin. Bu proqram Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcək. Bir müddət bundan əvvəl mənim göstərişimlə proqramın hazırlanması prosesi başlamışdır və demək olar ki, proqram hazırdır. Biz bu gün həm bu proqramı müzakirə edəcəyik, eyni zamanda, görülmüş işlərdən danışacağıq və görüləcək işlərlə bağlı müzakirə aparacağıq.”

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə Azərbaycanın ekoloji dayanıqlıq və su təhlükəsizliyi strategiyasında keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramı təkcə cari problemlərin aradan qaldırılmasını deyil, Bakı şəhəri və Abşeron yarımadasında su təminatı, yağış və tullantı suları sistemlərinin uzunmüddətli və davamlı şəkildə yenidən qurulmasını nəzərdə tutur. Bu sənəd paytaxtın sürətlə artan əhalisi və urbanizasiya prosesləri fonunda su ehtiyatlarının qorunması və səmərəli istifadəsi baxımından strateji əhəmiyyət kəsb edir. Proqramın əsas üstünlüklərindən biri innovativ yanaşma və müasir infrastruktur prinsiplərinə söykənməsidir. Burada söhbət yalnız köhnəlmiş boru xətlərinin dəyişdirilməsindən getmir. Paralel olaraq, müasir texnologiyalara əsaslanan “ağıllı su şəbəkələri”nin qurulması nəzərdə tutulur ki, bu da su təchizatı sisteminin tam rəqəmsallaşdırılmasına imkan yaradacaq. Sensorlar, avtomatlaşdırılmış idarəetmə mexanizmləri və real vaxt rejimində monitorinq vasitəsilə su itkilərinin minimuma endirilməsi, qəza risklərinin vaxtında aşkarlanması və resursların daha çevik şəkildə idarə olunması mümkün olacaq. Eyni zamanda, yağış və tullantı suları sistemlərinin yenidən qurulması şəhər mühitinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək. Güclü yağıntılar zamanı yaranan daşqınların qarşısının alınması, tullantı sularının düzgün təmizlənərək ətraf mühitə zərər vermədən dövriyyəyə qaytarılması həm ictimai sağlamlıq, həm də şəhər infrastrukturunun müasir tələblərə uyğun formalaşdırılması baxımından həlledici rol oynayır. Bu yanaşma Bakı və Abşeronun dayanıqlı şəhər modelinə keçidini sürətləndirəcək və su ehtiyatlarının qorunmasını uzun illər üçün təmin edəcək.

Qlobal iqlim dəyişikliklərinin yaratdığı su qıtlığı şəraitində Dövlət Proqramında nəzərdə tutulan dəniz suyunun duzsuzlaşdırılması və tullantı sularının təkrar emalı layihələri xüsusi strateji əhəmiyyət daşıyır. Bu yanaşma Bakının içməli suya olan tələbatının alternativ mənbələr hesabına qarşılanmasını təmin etməklə yanaşı, su ehtiyatlarının idarə edilməsində qabaqcıl beynəlxalq təcrübənin ölkəmizə transferini nəzərdə tutur. Eyni zamanda,  Proqram çərçivəsində şəhər ərazisində mövcud olan subasma risklərinin mərhələli şəkildə aradan qaldırılması da əsas hədəflər sırasındadır. Yağış sularının toplanması və idarə olunması sistemlərinin modernləşdirilməsi ekoloji təhlükəsizliyin möhkəmləndirilməsinə, paytaxtın mühəndis-kommunikasiya infrastrukturunun isə daha dayanıqlı və çevik şəkildə fəaliyyət göstərməsinə imkan yaradacaq.

Müasir dünyanın qarşısında dayanan ən ciddi problemlərdən biri su qıtlığıdır və bu təhlükə artıq qlobal miqyasda özünü açıq şəkildə göstərir. Statistik göstəricilər həyəcan siqnalı verir: bu gün dünya əhalisinin təxminən dörddə biri  2,2 milyarddan çox insan təhlükəsiz içməli suya çıxış imkanından məhrumdur. İqlim dəyişikliklərinin sürətləndirdiyi bu proses su ehtiyatlarının idarə olunmasını dövlətlər üçün strateji təhlükəsizlik məsələsinə çevirib. Məhz belə bir mürəkkəb beynəlxalq şəraitdə Azərbaycan dövləti uzaqgörən və innovativ yanaşma nümayiş etdirərək su resurslarının idarə edilməsində gələcək onillikləri əhatə edən yeni təhlükəsizlik modelini formalaşdırır. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul olunmuş Dövlət Proqramı Bakı, Sumqayıt, Xırdalan şəhərlərində, eləcə də Abşeron yarımadasının 64 yaşayış məntəqəsində su təchizatının keyfiyyətini köklü şəkildə dəyişməyi hədəfləyir. Proqramın əsas prioritetlərindən biri su təminatında fasiləsizlik səviyyəsinin 95 faizə çatdırılmasıdır ki, bu da hər bir ev təsərrüfatının dayanıqlı, etibarlı və keyfiyyətli içməli su ilə təmin olunması deməkdir. Bu göstərici sosial rifahın yüksəldilməsi və həyat keyfiyyətinin yaxşılaşdırılması baxımından tarixi əhəmiyyət daşıyır. Şəhər infrastrukturunun müasirləşdirilməsi çərçivəsində genişmiqyaslı tikinti və yenidənqurma işləri nəzərdə tutulur. Proqram çərçivəsində 12 yeni kollektorun inşası, mövcud 3 kollektorun isə əsaslı şəkildə bərpası planlaşdırılır. Bu mühəndis qurğuları yağış sularının səmərəli idarə olunmasını təmin etməklə yanaşı, paytaxtın subasma risklərindən etibarlı şəkildə qorunmasına xidmət edəcək. Eyni zamanda, ekoloji tarazlığın qorunması məqsədilə 9 yeni tullantı sutəmizləyici qurğunun və 28 yeni su anbarının tikintisi nəzərdə tutulur ki, bu da su ehtiyatlarının qorunması və təkrar istifadəsi baxımından mühüm addım kimi qiymətləndirilir.

Məhz bu reallıqlar fonunda su ehtiyatlarının qorunması və alternativ mənbələrin yaradılması artıq seçim deyil, zərurətə çevrilib. Dövlətlərin inkişaf strategiyalarında su təhlükəsizliyi milli təhlükəsizlik anlayışının ayrılmaz tərkib hissəsi kimi ön plana çıxır. Azərbaycanın da bu qlobal tendensiyadan kənarda qalmaması, əksinə, proseslərə qabaqlayıcı və strateji yanaşma nümayiş etdirməsi ölkənin gələcək inkişaf xəttinin əsas göstəricilərindəndir. Su qıtlığı dünyanı alternativ və dayanıqlı həll yolları axtarmağa məcbur edir. Bu çağırışlara çevik və strateji yanaşma sərgiləyən Azərbaycan su təminatı sahəsində keyfiyyətcə yeni mərhələyə qədəm qoyur və inqilabi yeniliklərin tətbiqinə start verir. 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramının ən mühüm və strateji sütunlarından biri məhz dəniz suyunun duzsuzlaşdırılması texnologiyasının geniş miqyasda tətbiqidir. Layihənin əsas məqsədi müasir və innovativ üsullar hesabına illik 100 milyon kubmetr içməli su ehtiyatının yaradılmasıdır. Bu göstərici sadəcə texniki bir parametr deyil, Bakı və Abşeron yarımadasının uzunmüddətli su təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması deməkdir. Dəniz suyunun duzsuzlaşdırılması layihəsi tükənməkdə olan təbii mənbələrdən- çaylar və göllərdən asılılığı minimuma endirməklə, əhalinin fasiləsiz və stabil su təminatını ən yüksək səviyyəyə çatdıracaq.

Qeyd etmək lazımdır ki, dəniz suyunun duzsuzlaşdırılması bu gün dünyada su böhranına qarşı ən effektiv və strateji alternativlərdən biri hesab olunur. Yeni yaradılacaq sistemlər ən son texnoloji həllərə əsaslanmaqla yanaşı, enerji səmərəliliyi və ekoloji təhlükəsizlik baxımından beynəlxalq standartlara tam uyğun olacaq. Layihənin reallaşması Bakı, Sumqayıt və Xırdalan kimi iri şəhərlərin su şəbəkəsində mövcud gərginliyi aradan qaldıracaq, rəqəmsal idarəetmə mexanizmləri ilə birlikdə isə su ehtiyatlarından maksimum səmərəli istifadəni və hər damlanın qorunmasını təmin edəcək.

Azərbaycanın su təhlükəsizliyi strategiyasının reallaşdırılması sahəsində ən böyük yeniliklərdən biri konkret infrastruktur layihələri ilə bağlıdır. Bu layihələr yalnız su təminatının keyfiyyətini yüksəltmək deyil, həm də uzunmüddətli dayanıqlığı təmin etmək məqsədini daşıyır. Dövlət Proqramı çərçivəsində həyata keçirilən ən iddialı layihələrdən biri Sumqayıt Duzsuzlaşdırma Qurğusundan Ceyranbatan su anbarına qədər çəkiləcək yeni magistral kəmərdir. Yeni magistral kəmərin inşası emal olunmuş dəniz suyunun mövcud paylayıcı şəbəkəyə tam inteqrasiyasını təmin edəcəkdir. Bu, o deməkdir ki, innovativ üsullarla əldə edilən içməli su Ceyranbatan su anbarı vasitəsilə Bakı, Sumqayıt və Xırdalan şəhərlərinin su təchizatı sistemlərinə ötürülərək şəbəkədəki gərginliyi azaldacaqdır. Beləliklə, şəhər sakinləri ən müasir texnologiyalarla təmizlənmiş və zərərli maddələrdən tam azad edilmiş su ilə təmin olunacaqlar. İndiyədək Azərbaycanın su ehtiyatları əsasən yağıntılardan, çaylardan və məhdud yeraltı mənbələrdən asılı idisə, artıq Xəzər dənizinin bitməz potensialı əhalinin xidmətinə verilir. Dəniz suyunun duzsuzlaşdırılması çayların quruması və iqlim dəyişikliyi nəticəsində yaranan su qıtlığı riskini minimuma endirir. Xəzər dənizinin suyundan səmərəli istifadə həm kənd təsərrüfatı, həm də digər sahələr üçün həyati əhəmiyyət daşıyan şirin su ehtiyatlarının qorunmasına şərait yaradır. Bu, Azərbaycanın yalnız bugünkü deyil, həm də gələcək nəsillərinin su tələbatını ödəyəcək dayanıqlı modelidir.

Beləliklə, bu layihə Azərbaycanın su təhlükəsizliyi sahəsində atdığı strateji addımların təkcə texnoloji yeniliklərlə deyil, həm də uzunmüddətli dayanıqlığı və ekoloji balansı təmin edən hərtərəfli model kimi formalaşdığını göstərir. Xəzər dənizinin resurslarından səmərəli istifadə gələcək nəsillərin içməli su ehtiyatlarının qorunmasına və ölkənin davamlı inkişafına zəmin yaradır.

Şəmsiyyə Əliqızı, “İki sahil”