Son illərdə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasət, qəbul olunan Dövlət proqramları nəqliyyat infrastrukturunun genişlənməsinə və inkişafına şərait yaradıb. Bu gün Azərbaycan Avrasiya qitəsində nəqliyyat mərkəzlərindən birinə çevrilməkdədir. Hava, dəniz limanları və digər nəqliyyat sahəsində görülən işlər nəticəsində 2024-cü ildə ölkəmiz üzərindən rekord həcmdə tranzit yük daşınıb. Bu rəqəm artıq 15 milyon tona yaxınlaşır. Eləcə də ölkədaxili yükdaşımalarda ciddi artımlar müşahidə edilir. Ölkə ərazisindən keçən bir sıra nəqliyyat dəhlizləri - istər Şimal-Cənub, istərsə də Şərq-Qərb dəhlizləri məlum görüşlər, bəyanatlar və son imzalanan sənədlərdən sonra daha da geniş perspektivlər açır.
Hazırda ölkəmizdə ictimai nəqliyyat sahəsində islahatlar davam edir. Tələbata uyğun olaraq ictimai nəqliyyatın mobiliyinin təmin olunması istiqamətində kifayət qədər ciddi addımlar atılır. İctimai nəqliyyat sahəsində uğurlar daha çox infrastrukturun təşmilləşdirilməsi, müasir texnologiyanın tətbiqi, xidmət keyfiyyətinin artırılması istiqamətində baş verir. Xüsusi ilə də Bakı şəhərində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən yeni avtobusların alınması, smart kart sisteminin tətbiqi, marşrutların optimallaşıdırlması və.s diqqəti çəkir. 2003-cü ildən bəri Azərbaycanda yol, dəmir yolu, metro və hava nəqliyyatı sahələrində irimiqyaslı layihələr həyata keçirilib.
Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində ölkənin nəqliyyat sektorundakı uğurlardan və gələcək planlardan, xüsusilə Bakı şəhərinin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsindən danışaraq bildirb ki, əsas diqqət metro şəbəkəsinin genişləndirilməsi və ictimai nəqliyyatın inkişafına yönəldilib. Ölkə başçısının vurğuladığı kimi, yaxın illərdə 10 yeni metro stansiyasının tikilməsi, əlavə depo və mövcud stansiyaların optimallaşdırılması planlaşdırılır. Belə ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramına uyğun olaraq, 10 stansiya ilə bağlı hazırda mərhələli işlər aparılır. “Yaşıl xətt”in üzərində “Ağ şəhər”, “NZS”, “Nargilə” adlanan ərazilərdə və “Həzi Aslanov-2” olmaqla 4 stansiya tikilməlidir. “Bənövşəyi xətt” üzrə “B-04” stansyasından sonra “Nizami”, “Sahil”, “Xətai” stansiyalarına keçid funksiyalı, “Neftçilər” xəstəxanası yaxınlığında və “Ağ şəhər” layihəsini əhatə edən ərazilərdə 6 yeni stansiya inşa edilməlidir. 2026-2030-cu illərdə “Bənövşəyi xətt”in “Xocəsən” elektrik deposunun inşasının ikinci mərhələsinin başa çatdırılması da nəzərdə tutulub. Hazırda “Bənövşəyi xətt”in layihə adı “B-04” olan stansiyasında inşaatın əsas mərhələsi üzrə işlər davam etdirilir.
Həmçinin elektrobuslar və velosiped zolaqları ilə mikromobilliyin təşviqi nəzərdə tutulur. Bu tədbirlər paytaxtda tıxacların azalmasına, ictimai nəqliyyatın daha rahat və ekoloji cəhətdən təmiz olmasına xidmət edəcək. Yol infrastrukturu çərçivəsində 20.767 km yol, 335 körpü, 45 tunel və 163 piyada keçidi tikilib. Dəmir yolları üzrə 1.562 km yeni xətt çəkilib, 1.906 km təmir olunub, müasir qatar və vaqonlar alınıb. Metro şəbəkəsi 30 km-dən 41 km-ə qədər genişlənib, 7 stansiya və 1 depo tikilib. Sərnişin sayı son 20 ildə 137 milyondan 230 milyona yüksəlib. Avtobus nəqliyyatında “BakuBus” MMC üçün 1300-dən çox avtobus və elektrik avtobuslar gətirilib, Naxçıvan və Gəncədə avtobus parkları yaradılıb.
Bundan başqa, hava nəqliyyatı sahəsində Füzuli, Zəngilan və Laçın beynəlxalq Hava limanları istifadəyə verilib. AZAL-ın sərnişin sayı və reysləri əhəmiyyətli dərəcədə artıb, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminalı ilə illik tutum 20 milyon nəfərə çatdırılacaq. Bundan başqa, yol infrastrukturu üzrə də bir sıra işlər görülüb. Avtobusların, təcili tibbi yardım və yanğınsöndürən maşınların tıxaclarda qalmaması, eyni zamanda, fasiləsiz hərəkətini təmin etmək üçün yollarda xüsusi zolaqlar ayrılıb. Təbii ki, həyata keçirilən bu layihələr Bakının nəqliyyat yükünün azaldılmasına, ictimai nəqliyyatın cəlbediciliyinin artırılmasına, şəhər mühitinin daha rahat və əlverişli olmasına xidmət edir.
Zahid Rza, “İki sahil”