“Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Milli maraqlara uyğun olaraq reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlərini, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqazda yeni mənzərə yaranıb. Bu, dövlətimizin yaratdığı yeni reallıqlardan ibarətdir. Torpaqlarını işğaldan azad etdikdən sonra Azərbaycanın nəinki regionda, bütövlükdə, beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə güclənib. Bu amil beynəlxalq müstəvidə də mühüm rol oynayır”.
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, başa vurduğumuz 2025-ci ildə beynəlxalq münasibətlər sistemində artan geosiyasi gərginliklər, qlobal təhlükəsizlik arxitekturasında baş verən dəyişikliklər və qeyri-müəyyənliklər fonunda Azərbaycan müstəqil və praqmatik xarici siyasət kursunu uğurla davam etdirib. Belə ki, Azərbaycanın milli maraqlarının təmin olunması məqsədilə ölkəmiz dəyişən geosiyasi şəraitdə çevik, məsuliyyətli və konstruktiv diplomatiya həyata keçirərək ikitərəfli və çoxtərəfli münasibətlərində əməkdaşlıq mexanizmlərini gücləndirib, beynəlxalq səviyyədə nüfuzunu və təsir imkanlarını nəzərəçarpacaq dərəcədə artırıb. Tarixi Qələbəmizin 5 illiyinin qeyd olunduğu 2025-ci ildə regionda dayanıqlı və qalıcı sülhün bərqərar edilməsi üçün yaranmış tarixi fürsətlərdən istifadə edərək, Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında münasibətlərin normallaşdırılması ölkəmizin regiondakı siyasətinin əsas istiqamətlərindən biri olub. 8 avqust 2025-ci ildə Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda baş tutmuş Zirvə görüşündə Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən imzalanmış Birgə Bəyannamə, habelə “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş” layihəsinin paraflanması və digər razılaşmalar bölgəmizdə yeni geosiyasi reallıqların formalaşmasına, regionda dayanıqlı sülh və inkişaf üçün əlverişli şəraitin yaranmasına imkan verib.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı dövlətimizin uğurlu xarici siyasətindən bəhs edib. Xüsusilə, ötən il Vaşinqton razılaşmalarını, o cümlədən Azərbaycan-ABŞ münaibətlərini yüksək qiymətləndirib. Dövlətimizin başçısı ötən il ərzində 20-ə yaxın xarici ölkəyə səfər etdiyini bildirib, eləcə də bir çox dövlət və hökumət başçılarının Azərbaycana səfəri baş tutub. Prezident müsahibədə ölkəmizin Çinlə olan strateji tərəfdaşlını xüsusi vurğulayaraq deyib: “Keçən il mənim Çinə dövlət səfərim zamanı Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır və bu da çox böyük uğur sayıla bilər. Çünki Çin də dünyada aparıcı ölkələrdən biridir və bu siyasi çərçivə, siyasi platforma, əlbəttə ki, bizim uğurlu diplomatiyamızın təzahürü sayıla bilər”.
Eyni zamanda, dövlət başçısı Azərbaycanın D-8 təşkilatına üzvülüyünü böyük nailiyyət adlandırıb. “Azərbaycan 2024-cü il dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı bu quruma üzv seçilib. Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin məntiqi nəticəsi olan D-8-ə üzvlüyümüz təşkilat yarandığı gündən ilk genişlənmə kimi əlamətdardır. Ötən il D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən D-8 Həftəsi çərçivəsində komissarların qeyri-rəsmi iclası, iqlim və şəhərsalma üzrə nazirlər dialoqu, D-8 Media Forumu, eləcə də D-8 Gənclər Dialoqu təşkil olunub, təşkilatın strateji sənədlərində əks olunan prioritetlərə uyğun olaraq D-8 Enerji və İqlim Mərkəzi, D-8 Nəqliyyat Mükəmməllik Mərkəzi və D-8 Media Mərkəzinin Azərbaycanda yaradılması barədə razılıq əldə olunub. Tarix boyu Şərq ilə Qərb arasında körpü rolu oynamış, İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzlərindən biri olan Azərbaycanın D-8 üzvlüyü, eyni zamanda, İslam həmrəyliyinin möhkəmlənməsində, İslam dəyərlərinin dünyada təbliğində və İslamofobiya ilə mübarizə sahəsində böyük töhfədir”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.
Onun fikrincə, ötən il xarici siyasətimizdə əsas uğurlardan biri də Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsidir. Dövlət başçısı müsahibədə bu faktı nadir hadisə kimi dəyərləndirərək vurğulayıb: “Çünki təbii ki, coğrafi nöqteyi-nəzərdən biz Mərkəzi Asiyada yox, Cənubi Qafqazda yerləşirik. Ancaq Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda o qədər sıx əlaqələrimiz var və son illər o qədər çox layihələr icra edilir ki, artıq bu ölkələr yekdilliklə bizi tamhüquqlu üzv seçdilər. Biz bunu da böyük bir siyasi və diplomatik uğur hesab edə bilərik”.
“2025-ci il, həmçinin Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) və Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) sammitlərinin keçirilməsi və s. hadisələr də xarici siyasətimizin nailiyyətləri sırasındadır. Bütövlükdə, 2025-ci ildə Azərbaycan dünyada sülh, təhlükəsizlik və dayanıqlı inkişafın təmin olunmasına öz müsbət töhfəsini verib və bu çərçivədə müvafiq müraciətlərə uyğun olaraq bir sıra ölkələr arasında diplomatik vasitəçilik missiyalarını həyata keçirib. Ötən il, həm də ölkəmiz çoxtərəfli əməkdaşlığın təşviqi, qlobal çağırışlara çevik və effektiv reaksiyaların verilməsi, beynəlxalq yardım fəaliyyətləri, beynəlxalq iqtisadi əməkdaşlıq və iqlim diplomatiyası istiqamətində də səmərəli fəaliyyətini davam etdirib. Beləliklə, 2025-ci ili xarici siyasətimizin uğurları baxımından çox önəmli, hətta tarixi il kimi dəyərləndirə bilərik”,-deyə deputat vurğulayıb.